Berti Foqts və sələfləri
14.10.2010 - 23:04
Berti Foqts və sələfləri
Azərbaycan millisi 16 ildir qatıldığı dünya və qitə çempionatlarının seçmə mərhələlərində növbəti dəfə fasiləyə yollandı. Bu, seçmə mərhələnin bitdiyini göstərən yox, mərhələ arası fasilədir. Düzdür, Avro-2012-nin seçmə mərhələsində bu il mübarizəyə hələ noyabrın 17-də yekun vurulacaq. Ancaq məsələ ondadır ki, həmin gün cəmi 2 oyun keçiriləcək və biz də bir çox yığmalar kimi bu tarixdə yoldaşlıq görüşünə çıxacağıq. Çernoqoriya millisinin qonağı olacaq Berti Foqtsun yetirmələri növbəti rəsmi matçını gələn ilin martın 29-da səfərdə Belçika ilə keçirəcək.

Maraqlıdır, 9-cu dəfədir seçmə mərhələlərdə iştirak edən komandamız uzun müddətli istirahətə necə yollanır? Bununla bağlı apasport.az saytının apardığı araşdırmada məlum oldu ki, Foqts bu cəhətdən də ən yaxşı göstəriciyə malikdir. Düzdür, Kazbek Tuayevin də almaniyalı həmkarı kimi 3 oyuna 1 qələbəsi, 2 məğlubiyyəti var: top fərqi də mənfi 8-dir. Sadəcə, almaniyalının üstünlüyü onun komandasının daha çox qol vurmasındadır. Ümumiyyətlə, yığmamız indiyədək heç vaxt fasiləyə 2 qol vuraraq çıxmayıb. Elə vaxt olub ki, qol vurmamışıq, vuranda da maksimum 1 dəfə.

Foqtsun Tuayevdən üstünlüyü həm də ondadır ki, o, fasiləyə postunda çıxıb. Tuayev 14 il öncə Macarıstana Bakıda böyük hesabla uduzduqdan sonra istefaya göndərilmişdi. Foqtsun da seçmə mərhələnin əvvəlində başının üstünü “qara buludlar” alsa da, Türkiyə üzərində qələbə hər şeyi dəyişdi. Tuayev onunla öyünə bilər ki, seçmə mərhələdə ilk qələbəni nəinki Foqtsdan, yığmamızın bütün baş məşqçilərdən tez qazanıb. Almaniyalı çalışdırıcı isə buna 3-cü oyunda nail olmaqla, 2-ci göstəriciyə malikdir.

Qeyd edək ki, 2 seçmə mərhələdə yığmamızı çalışdıran yeganə mütəxəssis olan Foqts debütündə də fasiləyə xalla çıxmışdı. O, həmin vaxt da ilk xalını Bakıda qazansa da, bu, qələbə yox, heç-heçə idi. Özü də rəqibin Lixtenşteyn olduğunu nəzərə alsaq, bu nəticə məğlubiyyətə bərabər tutuldu. Ancaq Foqts 1 il sonra Lixtenşteyni səfərdə inamla yenməklə, evdəki qolsuz bərabərliyin təsadüfi olduğunu təsdiqlədi.

Avro-96-nın seçmə mərhələsi

7 sentyabr. Buxarest. Rumıniya – Azərbaycan - 3:0
12 oktyabr. Mielets. Polşa – Azərbaycan - 1:0
16 noyabr. Trabzon. Azərbaycan – İsrail - 0:2
13 dekabr. Trabzon. Azərbaycan – Fransa - 0:2
Baş məşqçi: Ağasəlim Mircavadov - 4 oyun, 4 məğlubiyyət (topların fərqi 0-8)

DÇ-98-nin seçmə mərhələsi

2 iyun. Oslo. Norveç – Azərbaycan - 5:0
31 avqust. Bakı. Azərbaycan – İsveçrə - 1:0
10 noyabr. Bakı. Azərbaycan – Macarıstan - 0:3
Baş məşqçi: Kazbek Tuayev – 3 oyun, 1 qələbə, 2 məğlubiyyət (1-8)

Avro-2000-nin seçmə mərhələsi

5 sentyabr. Koşitse. Slovakiya – Azərbaycan - 3:0
10 oktyabr. Bakı. Azərbaycan – Macarıstan - 0:4
14 oktyabr. Vaduts. Lixtenşteyn – Azərbaycan - 2:1
Baş məşqçi: Vaqif Sadıqov – 3 oyun, 3 məğlubiyyət (1-9)

DÇ-2002-nin seçmə mərhələsi

2 sentyabr. Bakı. Azərbaycan – İsveç - 0:1
6 oktyabr. Skopye. Makedoniya – Azərbaycan – 3:0
11 oktyabr. Bakı. Azərbaycan – Türkiyə - 0:1
Baş məşqçi: İqor Ponomaryov – 3 oyun, 3 məğlubiyyət (0-5)

Avro-2004-ün seçmə mərhələsi

7 sentyabr. Bakı. Azərbaycan – İtaliya - 0:2
12 oktyabr. Helsinki. Finlandiya – Azərbaycan - 3:0
20 noyabr. Bakı. Azərbaycan – Uels - 0:2
Baş məşqçilər: Vaqif Sadıqov – 2 oyun, 2 məğlubiyyət (0-5), Əsgər Abdullayev - 1 oyun, 1 məğlubiyyət (0-2)

DÇ-2006-nın seçmə mərhələsi

4 sentyabr. Bakı. Azərbaycan – Uels - 1:1
8 sentyabr. Vyana. Avstriya – Azərbaycan - 2:0
9 oktyabr. Bakı. Azərbaycan – Şimali İrlandiya - 0:0
13 oktyabr. Bakı. Azərbaycan – İngiltərə - 0:1
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya) – 4 oyun, 2 heç-heçə, 2 məğlubiyyət (1-4)

Avro-2008-in seçmə mərhələsi

2 iyun. Belqrad. Serbiya – Azərbaycan - 1:0
6 sentyabr. Bakı. Azərbaycan – Qazaxıstan - 1:1
7 oktyabr. Portu. Portuqaliya – Azərbaycan - 3:0
11 noyabr. Brüssel. Belçika – Azərbaycan - 3:0
Baş məşqçi: Şahin Diniyev – 4 oyun, 1 heç-heçə, 3 məğlubiyyət (1-8)

DÇ-2010-un seçmə mərhələsi

6 sentyabr. Kardiff. Uels - Azərbaycan - 1:0
10 sentyabr. Bakı. Azərbaycan - Lixtenşteyn - 0:0
11 oktyabr. Helsinki. Finlandiya - Azərbaycan - 1:0
Baş məşqçi: Berti Foqts (Almaniya) – 3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət (0-2)

Avro-2012-nin seçmə mərhələsi

7 sentyabr. Köln. Almaniya - Azərbaycan - 6:1
8 oktyabr. Vyana. Avstriya - Azərbaycan - 3:0
12 oktyabr. Bakı. Azərbaycan - Türkiyə - 1:0
Baş məşqçi: Berti Foqts (Almaniya) – 3 oyun, 1 qələbə, 2 məğlubiyyət (2-9)

Mehman SÜLEYMANOV