Rəşad Sadıqovun “Əskişəhərspor”da debütünün vaxtı dəqiqləşdi
14.10.2010 - 23:06
Rəşad Sadıqovun “Əskişəhərspor”da debütünün vaxtı dəqiqləşdi
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubunda debüt edəcəyi tarix dəqiqləşib. Bu barədə apasport.az saytına açıqlamasında komandanın baş məşqçisi Bülənt Uyğun məlumat verib. O bildirib ki, çempionatın növbəti turunda Sadıqovu meydana buraxacaq.

“Bu, oktyabrın 16-da “İstanbul Böyükşəhər Bələdiyyəspor” klubu ilə ev oyununda olacaq. Rəşad artıq məşqlərimizə qatılıb, hazırlıq səviyyəsi qənaətbəxşdir. Yaxşı formada olduğunu milli komandanın heyətində Türkiyəyə vurduğu qolla göstərdi. Müdafiəçinizi Türkiyədə əvvəldən oynadığı dövrdən tanıyıram. Rəşad növbəti görüşdə oynayacaq” – deyə Uyğun bildirib.

Qeyd edək ki, Bakı vaxtilə saat 17:30-da başlayacaq görüş Sadıqovla yanaşı, Uyğunun da “Əskişəhərspor”da debütü olacaq.

Mehman SÜLEYMANOV