“Mən sübut etdim ki, orda oynaya bilərdim”
18.10.2010 - 12:24
“Mən sübut etdim ki, orda oynaya bilərdim”
“Gəncə” klubunun futbolçusu Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran” üzərində böyük hesablı qələbə qazanmağınız gözlənilməz oldu. Həmin gün rəqib zəif idi, yoxsa siz yaxşı oynadınız?
- Bilirdik ki, güclü rəqiblə oynayacağıq. Əgər yaxşı köklənə bilməsəydik, bizə çox çətin olacaqdı. Hamı bunu yaxşı başa düşürdü və buna görə ciddi hazırlaşmışdıq. Oyunda həlledici məqam hesabı tez bərabərləşdirməyimiz oldu.

- Yəqin ki, bu qələbəyə ən çox sevinən siz oldunuz. Hər halda, uzun müddət “Xəzər Lənkəran”da oynamısınız, amma ehtiyatda qaldığınızdan bu komandadan getməli oldunuz.
- “Xəzər Lənkəran”la oyuna xüsusi köklənmişdim. Mənim bu klubla problemim yoxdur. Sadəcə, özümə görə yaxşı oynayıb, qalib gəlməyimizi istəyirdim. Mənim üçün əsas peşəkar futbolçu kimi komandamın uğuru idi. Əlbəttə, özümü də sübut etmək istəyirdim. Sübut etdim ki, “Xəzər Lənkəran”da oynaya bilərdim.

- Bu mənada qələbənin böyük hesablı olması ən çox sizə ləzzət etməlidir...
- Elədir. Bu qələbə mənə çox lazım idi.

- “Xəzər Lənkəran” kənardan necə görünürdü?
- Deməzdim ki, zəif idilər. Qol imkanları çox oldu, ancaq bundan istifadə edə bilmədilər. İstifadə etsəydilər, bilmək olmazdı hansı nəticə qeydə alınardı.

- Rəqibin latviyalı qapıçı Denis Romanovun da zəif oyunu nəticəyə göstərdi?
- Belə demək olar. Ümumiyyətlə, “Xəzər Lənkəran”da bu qapıçının olduğunu bilmirdim. O, mən gedəndən sonra komandaya gətirilib. Rəqib qapıçının zəif oyununun da bizə köməyi dəydi. Bilirsiniz, qapıçı axsayanda, bu komandaya da mənfi təsir göstərir.

- Yəqin ki, “Xəzər Lənkəran”ın və yığmamızın Kamran Ağayevin yeri çox görünürdü...
- Bəli. Kamran qapıda dursaydı, işimiz daha çətin, nəticə başqa cür olardı. Ona belə qollar vura bilməzdik.

- Siz oynadığınız və indiki “Xəzər Lənkəran” arasında hansı fərqləri görürsünüz?
- Mən “Xəzər Lənkəran”ın bizə qədər bir oyununu görmüşdüm. Nə deyim, “Xəzər Lənkəran” həmişə “Xəzər Lənkəran”dır.

- Əvvəl “İnter”, daha sonra “Xəzər Lənkəran”ı yenməklə, “altılığ”a iddianızı ortaya qoydunuz...
- Biz meydana kimisə büdrətmək üçün yox, xal yığmaq üçün çıxırıq. “Gəncə” uzun fasilədən sonra Premyer Liqaya qayıdıb. İlk ildə nəsə tələb etmək çətindir. Ancaq gələn mövsüm komandanın iddiası daha da artacaq və həmin vaxt mükafatlar uğrunda mübarizə aparacaq. İndi də “altılığ”a düşmək üçün sona kimi mübarizə aparacağıq.

- Ancaq nəzərə alaq ki, hələlik qələbələrinizi daha çox evdə qazanarsınız və bunda azarkeş amili böyük rol oynayır. “Xəzər Lənkəran”la oyununuza 17500 azarkeş gəlmişdi...
- Doğrudur. Azarkeşlərimizə “çox sağ ol” deyirəm. Onların dəstəyi bizə əlavə güc verir. Mən belə azarkeş dəstəyini Lənkəranda oynadığım zaman görmüşdüm. Cari mövsümdə səfərdə cəmi bir qələbəmiz var. Çalışmalıyıq ki, rəqib meydanında da qalib gələk.

- Bu mənada komandanızı növbəti turda “Neftçi” ilə səfərdə çətin sınaq gözləyir.
- “Neftçi” ilə görüş öncəsi “Xəzər Lənkəran” üzərində qazandığımız böyük hesablı qələbə yerinə düşdü. Həmin oyuna yüksək əhval-ruhiyyədə hazırlaşıb, uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq.

Mehman SÜLEYMANOV