“Bakı”ya nə qədər çox top vursaq, xeyrimizə olacaq”
27.10.2010 - 15:27
“Bakı”ya nə qədər çox top vursaq, xeyrimizə olacaq”
“Bakı” güclü komandadır. Əsas bizim oyuna necə köklənməyimizdir. Rəqibin uğursuz çıxışı bizi arxayınlaşdıra bilməz”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

Unibank Premyer Liqasının X turunda oyunda “Gəncə”ni böyük hesabla məğlub edən bakılıları həftəsonu daha bir çətin sınaq gözləyir. Belə ki, hazırda turnir cədvəlinə başçılıq edən Arif Əsədovun yetirmələri ölkə kubokunun sonuncu qalibi və vitse-çempion “Bakı” ilə üz-üzə gələcəklər.

“Ağ-qaralar”dan fərqli, “zolaqlılar” cari mövsümdə heç də yaxşı günlərini yaşamırlar. Təsadüfi deyil ki, hazırda Vinfred Şaferin çalışdırdığı komanda 10 oyundan cəmi 12 xal toplayıb. Rəqibin hazırkı durumu isə liderin işinə yaraya bilər. Ancaq Hüseynov belə düşünmür: “Buna aldanmaq olmaz. Elə oyunlar olur ki, komanda ardıcıl məğlubiyyətləri sıralayır və liderlə matçda xal qazanır. Yəni, oyundan çox şey asılıdır. Təbii ki, “Bakı” “Neftçi”yə qarşı güclü oynayacaq. Bu futboldur. Necə olacağını əvvəlcədən bilmək mümkün deyil”.

Premyer Liqanın ən köklü klubu olan “Neftçi” son illərdə ən böyük hesablı məğlubiyyətini “Bakı”dan alıb. Ötən mövsümün əvvəlində Qyoko Hacıyevskinin çalışdırdığı “zolaqlılar” flaqmanı 5:1 hesabı ilə yenmişdi. İndi “Neftçi” rəqibindən bu məğlubiyyətin əvəzini çıxa bilər: “Əlbəttə, “Bakı”ya nə qədər çox top vursaq, bizim xeyrimizə olacaq. Ancaq vacib olan qələbədir. 1 top fərqi ilə də udsaq, 3 xal qazanacağıq, 3 top fərqi ilə. İlk növbədə bizə qələbə gətirəcək qolu vurmalıyıq”.