Dzodzuaşvili həmyerlisinə güvənəcək
27.10.2010 - 16:05
Dzodzuaşvili həmyerlisinə güvənəcək
“MOİK-lə oyun Premyer Liqada qalmaq uğrunda mübarizə aparan iki komandanın dueli olacaq. Hər iki komanda üçün qazanacağı xal və ya xallar vacibdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Revaz Dzodzuaşvili deyib.

Həftəsonu keçiriləcək XI tur çərçivəsində “Turan” MOİK-lə üz-üzə gələcək. Çempionatın autsayderlərinin duelində alınacaq nəticə elitada qalmaq baxımından əhəmiyyət kəsb edir. Təbii ki, hər iki komanda 3 xal qazanmaq uğrunda mübarizə aparacaq. Cari mövsümdə hələ qələbə qazana bilməyən Tovuz təmsilçisi aktivinə 3 xal yazdıracağı təqdirdə, turnir cədvəlinin zirzəmisindən də qurtulmuş olacaq. Elə gürcü mütəxəssis də futbolçularını bu istiqamətdə kökləməyə çalışır: “Hələ qələbəmiz yoxdur. Əsas rəqibimizlə oyunda mütləq 3 xal qazanmalıyıq. Məsuliyyətli və ağır oyun olacaq”.

Yeri gəlmişkən, bir müddət əvvəl komandadan kənarlaşdırılan Georgi Modebazdenin yenidən “Turan”ın düşərgəsinə dönməsi barədə də baş məşqçinin fikrini öyrəndik. Dzodzuaşvilinin həmyerlisinə MOİK-lə matçda şans verəcəyi istisna deyil: “Modebadze təzədən qayıdıb. İki məşqimizdə iştirak edib. Özünü yaxşı tərəfdən göstərdiyini deyə bilərəm. Ola bilsin, MOİK-lə oyunda onu əsas heyətdə meydana buraxım”.