Mirbağır İsayev: MOİK-i udmaq sensasiya deyil
27.10.2010 - 16:28
Mirbağır İsayev: MOİK-i udmaq sensasiya deyil
“Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. MOİK-lə kubok görüşündə də məqsədimiz bu idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan kubokunun 1/8 finalına çıxan “Abşeron” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.

Turnirin artıq başa çatan bu mərhələsində ən böyük hesablı qələbəni I divizionun aşkar lideri olan bu komanda qazandı. “Şəfa” stadionunda keçirilən 4:0 hesablı qələbəyə sevinən “Abşeron”un gənc çalışdırıcısı bunu sürpriz nəticə kimi qəbul etmir: “Bu, nə sensasiyadır, nə də başqa şey. Kubok bir oyundan ibarətdir. Aydın məsələdir ki, bu görüşdə heç-heçə ola bilməzdi. Komandalardan biri qələbə qazanmalı idi. Bu gün biz buna nail olduq. Oyundan öncə bizim qalib gələcəyimizi əminliklə söyləmək olmazdı. Hər halda, biz I divizionda, rəqib isə Premyer Liqada çıxış edirdi. Bu iki liqa arasında isə fərq var. Biz oyunumuz, qazandığımız qələbə ilə Premyer Liqada oynamağa layiq olduğumuzu göstərdik”.

“Abşeron”un növbəti mərhələdə Premyer Liqamızın digər autsayderi “Simurq”la oyun gözlədiyindən, onu da keçmək şansı realdır. Ancaq İsayev hadisələri qabaqlamaq istəmir: “Biz indi diqqətimizi I diviziondakı oyunlarımıza yönəltmişik. Oktyabrın 31-də “Neftçi” İSM-lə ağır oyunumuz var. Bu görüş öncəsi kubokda qalibiyyət yaxşı nəticədir.
“Abşeron”un cari mövsümdə bir məqsədi var – Premyer Liqaya çıxmaq. Biz iştirak etdiyimiz hər turnirdə meydana qalib gəlmək üçün çıxacağıq. Buna nail olmaq üçün zamana ehtiyac var. Hələ “Simurq”la kubok oyunu haqda fikirləşmirik. Ona qədər hələ çempionatda oyunlarımız var. Bundan sonra dekabrın 7-də “Simurq”la görüşə diqqət yetirəcəyik”.

Qeyd edək ki, “Abşeron” çempionatda 7 oyundan sonra yüz faizli nəticə ilə vahid liderdir.

Mehman SÜLEYMANOV