Legioner gündəliyi
27.10.2010 - 23:01
Legioner gündəliyi
Legioner həyatı yaşayan futbolçularımız barmaqla sayılacaq qədərdi. Daha doğrusu, karyerasını ölkə xaricində davam etdirən 2 normal səviyyəli futbolçumuz var - Rəşad Sadıqov və Mahir Şükürov.

Təsəlli tapdığımız iki sima

Mövsümün əvvəlində "Qarabağ"ı "Əskişəhərspor"a dəyişən Sadıqovun işləri heç də pis getmir. Komandanın sabiq baş məşqçisi Rza Çalımbay tərəfindən Türkiyə klubuna dəvət olunan Rəşad onun dönəmində debüt etməyə macal tapmadı. Lakin məğlubiyyətləri sıralayan "Əskişəhərspor"un "sükanı arxasına" Bülənt Uyğun keçincə, vəziyyət dəyişdi. Komanda artıq onun rəhbərliyi altında çıxdığı hər iki çempionat matçından qalib ayrılıb və ən sevindiricisi də odu ki, yığmamızın kapitanı həmin oyunlarda start heyətində yer alıb, qarşılaşmaları əvəz olunmadan keçirib.

Yeri gəlmişkən, Sadıqov artıq fərqlənməyə də macal tapıb. Düzdü, Rəşad hələlik qol vurmayıb. Lakin sonuncu turda "Karabükspor"la səfər matçında sarı vərəqə almaqla diqqət mərkəzinə düşməyi bacarıb.

"Anji"nin işləri yolunda olmadığından Mahirin maraqlı və ya uğurlu legioner həyatı yaşadığını söyləmək olmaz. Mahaçqala təmsilçisi 24 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Bu isə o deməkdi ki, "Anji"ni düşmə xəttində olan "Amkar"dan 2 xal ayırır.

Rusiya Premyer Liqasında cari çempionatın başa çatmasına 5 tur qalıb. Lakin yığmamızın üzvünün yadda qalacaq, uğurlu sayılacaq bir mövsüm keçirmədiyi dəqiqdi. Dağıstanlı azarkeşlər Şükürovu daha çox himn olayına görə xatırlayacaq.

Son günlər hazırda allergiyadan əziyyət çəkdiyi üçün Bakıda müalicə alan Mahirlə bağlı transfer xəbərləri yayılmaqdadı. Deyilənə görə, onunla 2-3 Rusiya klubu maraqlanır. Lakin bu xəbərin nə dərəcədə həqiqətə uyğun olub-olmaması bəlli deyil. Hər halda, sönük bir mövsüm keçirən futbolçumuzun Rusiyanın başqa klublarının diqqət mərkəzinə düşməsi bir qədər inandırıcı görünmür.

Adı legioner həyatdı, əslində isə...

Legioner həyatı yaşayan futbolçularımızın siyahısı Sadıqov və Şükürovla yekunlaşmır. Yəqin ki, İlqar Qurbanov, Ernani Pereyra və Vitali Kovolyovun Türkiyə çempionatının I divizionunda çıxış etdiklərindən xəbərdarsız. Əslində, Pereyranı özümüzünkü saymaq bir qədər əcaib görünür. Düzdü, yığmamızın sabiq üzvü Azərbaycan vətəndaşıdı və məhz bu amil onun "Mersin İdman Yurdu"nda oynamasına imkan verir. I divizionda azərbaycanlı futbolçular legioner statusu daşımadığından qardaş ölkə təmsilçiləri zaman-zaman bundan yararlanırlar. Əks halda, Pereyra kimi azarkeşlərin də qətiyyən bəyənmədiyi futbolçunu heç bir klub legioner qismində transfer etməzdi. Odu ki, braziliyalı futbolçu qardaş ölkədə çörəkpulu qazandığı üçün daşıdığı pasporta minnətdar olmalıdı.

Pereyra bir yana, heç Qurbanovla Kovalyov da üzümüzü ağ edəcək futbolçular deyil. İlqarın çoxdan tükəndiyi hamıya bəllidi. Təsadüfi deyil ki, bu günlərdə "Mersin İdman Yurdu"nun mətbuat xidmətinin rəhbəri Qurbanovu transfer etməklə böyük səhvə yol verdiklərini boynuna almışdı. Kovalyov isə "Kartalspor"da daha çox ehtiyatda qaldığından onun barəsində də uzun-uzadı danışmağa lüzum yoxdu.

Qürbətdən işarə gözləyənlər

Millimizin bəzi üzvləri xarici klubların formasını geyinməyə layiqdi. Sadəcə olaraq, onların sanballı reklama ehtiyacı var. Düzdü, yığma üzvlərinin beynəlxalq yarışlarda özlərini göstərməyə imkanı olur. Lakin istər yığma, istərsə də klub səviyyəsində ciddi uğura imza ata bilmədiyimizdən onlar da kölgədə qalır.

Türkiyə üzərində qələbə qazanılmış 3 xaldan daha çox futbolçularımızın əcnəbi skautlar tərəfindən diqqət mərkəzinə düşmələri ilə əlamətdar oldu. Məsələn, "ay-ulduzlular"la oyunumuzdan sonra Rəşad Sadıqov Türkiyə klublarının kapitanımız vasitəsi ilə 3 yığma üzvü ilə maraqlandığını bəyan etdi. Eləcə də Kamran Ağayev əcnəbilərdən dəvət aldığını dilə gətirdi. Düzdü, bu yaxınlarda çıxan xəbərlərin əksinə olaraq, aydınlaşdı ki, "Beşiktaş" "Xəzər-Lənkəran"ın qapıçısı ilə maraqlanmır. Amma istənilən halda, Kamran qış fasiləsində ölkəmizi tərk etməyə israrlıdı.

Yığma üzvlərindən Ağayevlə yanaşı, Saşa Yunisoğlu, Ruslan Abışov, Elnur Allahverdiyev, Maksim Medvedev və Rauf Əliyevin də potensialı xarici klubda oynamağa imkan verir. Təəssüf ki, hələ də milli çempionatda oynamaqla, kölgədə qalırlar. Elə Elvin Məmmədov, Rahid Əmirquliyev, Vüqar Nadirov və Rəşad Sadiqov da xaricdə baş çıxara bilər. Sadəcə, üzərilərində bir qədər də işləyib, sabit oyun nümayiş etdirməlidilər.

Yeri gəlmişkən, qış fasiləsində Araz Abdullayev nəhayət, "Everton"la rəsmi müqavilə bağlayacaq. Ümid edək ki, yayda İngiltərə təmsilçisi ilə anlaşmalı olan gənc futbolçu bu dəfə hər hansı bir problemlə üzləşməyəcək. İnşallah, Arazın transferi futbolumuz adına bir dönüş olur və yuxarıda adlarını sadaladığımız futbolçulara da qürbətdən dəvət gələr.

Şamo, “Ekspressfutbol” qəzeti