Ruslan Abışov: Hər cür çətin vəziyyətdən çıxmağı bacarmalıyıq
03.11.2010 - 00:03
Ruslan Abışov: Hər cür çətin vəziyyətdən çıxmağı bacarmalıyıq
“Türkiyə üzərində qələbədən sonra komandada özünəinam artıb. Yaxşı oyun göstərməyə çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov deyib.

Noyabrın 17-də Çernoqoriya ilə qarşılaşacaq millimiz oyunun hazırlığına gələn həftə başlayacaq. Paytaxtda keçiriləcək qısamüddətli toplanışa dəvət alan gənc müdafiəçi rəqibin oyun sisteminə bələddir: “Çernoqoriyanın İngiltərə ilə keçirdiyi oyunu izləmişəm. Qarşılaşma heç-heçə başa çatdı. Rəqibimizin yaxşı komanda olduğunu deyə bilərəm. Təsadüfi deyil ki, bu gün Çernoqoriya yığması öz qrupunda liderdir. Ancaq bunu deməklə, indidən məğlubiyyətlə barışmışıq mənzərəsini yaratmaq istəmirəm. Biz də futbol oynamağı bacarırıq. Türkiyə ilə oyun çox suallara aydınlıq gətirdi”.

Təbii ki, komandamız keçmiş Yuqoslaviyaya daxil olan ölkənin komandası ilə matça itkilərlə çıxacaq. Samir Abasovla Rail Məlikovun yoldaşlıq oyununda millimizə kömək edə bilməyəcəkləri dəqiqdir. Çünki hər iki müdafiəçi zədəsini müalicə etdirir. Abışov onların yoxluğunun komandaya təsirsiz ötüşməyəcəyini də bildirib: “İtkilərin oyunda bizə mənfi təsiri olacaq. Ancaq əlimizi salıb oturmamalıyıq. Futbolu 11 nəfərlə oynayırlar. Hər cür çətin vəziyyətdən çıxmağı bacarmalıyıq”.