Bəhruz Şirəliyev: Baş məşqçinin dəyişdirilməsi məsələsi aktual deyil
02.11.2010 - 17:15
Bəhruz Şirəliyev: Baş məşqçinin dəyişdirilməsi məsələsi aktual deyil
“Komandamızın ilk dövrədə çıxışı bizə qətiyyət qane etmir. Bu, həm nəticə, həm də oyunla bağlıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Ötən mövsümlə müqayisədə heyətini xeyli gücləndirən “Muğan” cari mövsümdə “altılığ”a düşmək uğrunda mübarizə aparır. Ancaq hələlik ümidləri doğrultmayan Salyan təmsilçisi ilk dövrəni 9-cu yerdə bitirdi.

Şirəliyev komandanın cari mövsümdə belə çıxışının müəyyən səbəblərinin olduğunu bildirib: “Ola bilsin ki, komandamızın oyun üslubunu dəyişdirilməsinin də təsiri var. Ancaq hər halda, biz ilk dövrədə çıxışdan razı qalmadıq. Məşqçilər korpusu ilə görüşümüz olub və onlara sözümüzü demişik. Gərək onlar, futbolçular üzərinə düşən vəzifələri yerinə yetirmək üçün daha çox işləsinlər. Biz bosniyalı baş məşqçimiz Almir Hurtiçə etimad göstəririk, onun arxasında dururuq. Ancaq komandanın çıxışından qane olmamağımızı onun və köməkçilərinin diqqətinə çatdırmışıq. Onlar işlərinə daha məsuliyyətli yanaşmalı, öz səhvlərini tapmalıdırlar”.

Təbii ki, rəhbərlik nə qədər baş məşqçinin arxasında dursa da, bu etimadın limiti tükənə bilər. Vitse-prezident bunu zamanın ixtiyarına buraxıb: “Bunu gələcək göstərəcək. Hər şeyin öz vaxtı var. Hazırda baş məşqçimizin dəyişdirilməsi məsələsi aktual deyil”.

Mehman SÜLEYMANOV