“İmkan vermərik ki, Vuçiniç bizimlə oyunda soyunsun” - MÜSAHİBƏ
08.11.2010 - 12:22
“İmkan vermərik ki, Vuçiniç bizimlə oyunda soyunsun” - MÜSAHİBƏ
Bakının “İnter” klubunun kapitanı, Azərbaycan yığmasının müdafiəçisi Vladimir Levinin apasport.az saytına müsahibəsi

- Uzun müddətdən sonra yaşıl meydana qayıdışınız düşərli oldu. Yığmamızın baş məşqçisi Berti Foqts “Neftçi” ilə izlədiyi görüşdən sonra sizə dəvət göndərdi. Bunu gözləyirdiniz?
- Açığı, yox. Çünki yığmamızın siyahısı açıqlananda adım orada yox idi. Zədədən sonra oynamadığım üçün məni ehtiyata göndərmişdilər. Ancaq “Neftçi” ilə oyundan sonra mənə dəvət göndərdilər. Bu, baş məşqçinin qərarıdır və mənim üçün sevindirici xəbərdir. Yaxşı mənada təəccübləndim. Çünki yığmanın şərəfini qorumağı çox istəyirəm və uzun müddətdir kənarda qalmışdım. İndi hazırlaşıb toplanışa gedirəm.

- Xeyli fasilədən sonra özünüzü yaşıl meydanda necə hiss edirdiniz?
- Yaxşı. Təəssüfləndirici məqam odur ki, fasilə uzun çəkdi. 3 aydır oynaya bilmirdim. Ancaq hər halda, yaşıl meydana döndüm və bu, mənim üçün xoş idi.

- “Neftçi” ilə görüşdə yaxşı oyun nümayiş etdirdiniz və qələbəyə layiq idiniz...
- Mən də belə fikirləşirəm. Hesab edirəm ki, yaxşı təsir bağışladıq, taktiki cəhətdən düzgün oynadıq. Sadəcə, bir az bəxtimiz gətirmədi. Qol imkanlarımız çox olsa da, yalnız birindən istifadə edə bildik. Elə hesabı açandan sonra da imkanlarımız oldu. Üstünlüyümüzü artırmalı idik. Bunu edə bilmədik və rəqib bizi cəzalandırdı. Emil Mpenza cərimə zərbəsini gözəl yerinə yetirərək, hesabı bərabərləşdirdi. “Neftçi” də yaxşı oynadı, təhlükəli vəziyyətlər yaratdı. Ona görə heç-heçə qanunauyğun nəticə idi.

- Komandanız cari mövsümdə sabit çıxış etmir. “Neftçi” ilə görüşdən sonra daha inamlı “İnter” görə biləcəyikmi?
- Buna inanıram. İndiyədək xal itkilərimiz oldu. Bundan sonra daha yaxşı çıxış edib, xal ehtiyatımızı artırmalıyıq.

- Çernoqoriya ilə yoldaşlıq görüşünə aparılacaq heyətə düşmək şansınızı necə qiymətləndirirdiniz?
- Ümid edirəm ki, yekun siyahıda da yer alacağam. Yığma üçün darıxmışam. Milliyə qayıtmağı, növbəti oyunda iştirak etməyi çox istəyirəm.

- Çernoqoriya yığmasını yaxşı mənada cari seçmə mərhələnin sürpriz komandası saymaq olar. Rəqibimiz qrupunda lideridir, qol buraxmayıb, uduzmayıb. Son turda İngiltərə kimi güclü rəqiblə səfərdə qolsuz bərabərliyə qaldı...
- Düzdür, hazırda yaxşı formadadır. Çernoqoriya millisində yaxşı futbolçular cəmləşib. Onlar Avropanın güclü klublarında oynayırlar. Rəqib aşkar favoritdir. İstənilən halda, bu, bizim üçün lazımlı oyundur. Güclü rəqiblə qarşılaşmaq yaxşıdır. Bu, bizim üçün yaxşı təcrübə olacaq. Belə komanda ilə oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq.

- Rəqib komandanın lideri və kapitanı Avropada tanınan futbolçulardandır. Söhbət uzun illərdir “Roma” klubunda oynayan Mirko Viçiniçdən gedir...
- Vuçiniç çox güclü hücumçudur. Ona qarşı oynamaq maraqlı olacaq. Ümumiyyətlə, Çernoqoriya ilə yoldaşlıq görüşünə böyük maraq kəsb edir.

- Onu dayandırmaq sizlərin, yəni əsasən müdafiəçilərin üzərinə düşür. Özü də nəzərə alaq ki, Vuçiniç adətən qol vurandan sonra sevincini formasını çıxardıb, soyunmaqla qeyd edir...
- Ümid edirəm ki, Mirko bizimlə oyunda bunu etməyəcək. Təbii ki, bunun üçün qol vurmamağı lazımdır. İmkan vermərik ki, Vuçiniç bizimlə oyunda da soyunsun.

Mehman SÜLEYMANOV