Həm “Barselona”, həm Azərbaycan çempionatı ilə
08.11.2010 - 13:00
Həm “Barselona”, həm Azərbaycan çempionatı ilə
Ölkəmizdə qadın futbolunun inkişafı, kütləviliyinin təmin olunması və qızların bu idman növünə marağını artırmaq məqsədilə AFFA tərəfindən müxtəlif layihələr həyata keçirilir. Apasport.az saytının məlumatına görə, 2010-cu ilin oktyabrında start götürən 15 yaşadək qızlardan ibarət komandalar arasında Azərbaycan çempionatı məhz belə tədbirlərdəndir. Liqada regionlar üzrə bölgüyə əsasən 2 qrupda ümumilikdə 16 komanda mübarizə aparır. “U-15 qızlar Liqası” adlanan çempionat bundan sonra UNİCEF-in dəstəyi ilə keçiriləcək və “U-15 UNİCEF qızlar Liqası” adlanacaq. Artıq bununla bağlı AFFA ilə UNİCEF arasında razılıq əldə olunub.

UNICEF-in bu liqanı dəstəkləməsi onun bütün uşaqların, xüsusilə ən həssas qruplardan olan uşaqların sağlamlığı, inkişafı və müdafiəsində, eləcə də uşaqlar naminə və onlarla birlikdə çalışmaqda maraqlı olmasından irəli gəlir. Bu idman növündə iştirak etmək qızların sağlam həyat tərzi sürmələri, səylə işləməyə davam etmələri, məktəbdə nailiyyətlər əldə etmələri, erkən nigahlardan müdafiə olunmaları, özlərini ifadə etməyə müvəffəq olmaları və həyatlarına təsir edən qərarların qəbul edilməsində iştirak etmələrini stimullaşdıran önəmli bir faktor ola bilər.

“U-15 qızlar Liqası”nda Qərb regionunun oyunları İsmayıllı Olimpiya İdman Kompleksində, Şərq regionunun oyunları isə Şağan Olimpiya İdman Kompleksində keçirilir.

Qeyd edək ki, UNİCEF məşhur “Barselona” klubunun da sponsorudur.

Mənbə: affa.az