Ramal Hüseynov: “Bakı” qələbə qazanmadı, biz uduzduq
08.11.2010 - 13:26
Ramal Hüseynov: “Bakı” qələbə qazanmadı, biz uduzduq
“Bakı” ilə oyunun çətin olacağını bilirdik, amma bu cür uduzacağımızı gözləmirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yarımmüdafiəçisi Ramal Hüseynov deyib.

Unibank Premyer Liqasının XII turunda paytaxtın eyniadlı komandasını qəbul edən “Gəncə” öz meydanında ilk məğlubiyyəti ilə barışdı. I dövrədə Bakıda baş tutan oyunda heç-heçə edən qərb təmsilçisinin Gəncədə uduzması bir qədər gözlənilməz oldu. Çünki “Gəncə” iddialı komandaları doğma publika qarşısında məğlub etməyi bacarıb. “Bakı”nın da yaxşı günlərini yaşamadığını nəzərə alsaq, Fuad İsmayılovun yetirmələrindən hər kəs qələbə gözləyirdi. Ancaq yarımmüdafiəçi bu oyunda rəqibin qələbə qazanmadığını, özlərinin yenildiyini qeyd edib: “Qarşılaşmanın əvvəli bizim üçün yaxşı başlamışdı. Hesabı açdıqdan sonra oyunu udacağımızı düşünürdük. Xüsusilə, ikinci hissədə sanki komandada durğunluq yarandı. Yəni bu oyunda “Bakı” qələbə qazanmadı, biz uduzduq”.

Buraxılan qollarda müdafiəçilərin ciddi səhvi olmasına gəlincə, Hüseynov futbolun kollektiv oyun olduğunu, məğlubiyyətə görə hansısa mövqedə yer alan futbolçuları günahlandırmağın düzgün olmadığını bildirib. O, yenilgiyə rəğmən, hələ ilk “altılığ”a düşmək şanslarının davam etdiyini, “Turan”la matçdan çox şeyin asılı olduğunu vurğulayıb: “Hələ şansımız yüksəkdir. Həftəsonu “Qərb derbisi”ndə “Turan”a qarşılaşacağıq. Bu oyundan maksimum xalla ayrılmalıyıq. Əgər xal itirsək, ondan “altılıq” şansımız 10 faizə qədər enəcək. Çünki “Turan”dan sonra “Simurq” və MOİK-lə qarşılaşacağıq. 3 oyundan 9 xal qazanıb, şansımızı davam etdirəcəyik”.