Şenol Günəş: Azərbaycan yığmasına uduzmaq, dünyanın sonu deyil
10.11.2010 - 12:02
Şenol Günəş: Azərbaycan yığmasına uduzmaq, dünyanın sonu deyil
“Azərbaycana məğlubiyyət dünyanın sonu deyil. Geriyə yox, yalnız irəli baxmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Trabzonspor” klubunun baş məşqçisi Şenol Günəş deyib.

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının məğlub etdiyi Türkiyə millisinə yerli mütəxəssislər tərəfindən dəstək davam edir. 2002-ci ildə “ay-ulduzlular”ı dünya üçüncüsü edən Günəş doğma komandasına inandığını bildirib: “Sadəcə, səhvlərdən nəticə çıxarmaq lazımdır. Kağız üzərində 2-cilik şansımız davam etdiyindən bunun üçün savaşmalıyıq. Artıq buna necə yiyələnmək üçün düşünməliyik”.

Günəş, həmçinin Türkiyə yığmasının növbəti mərhələyə vəsiqə qazanmasında bütün mütəxəssisləri Qus Hiddinkə yaxından kömək etməyə çağırıb: “Bizim hollandiyalı çalışdırıcıya dəstək olmaqdan başqa çarəmiz yoxdur. Hər kəs ölkənin mənafeyi üçün Hiddinkə kömək etməlidir. O da öz növbəsində dəstək istəməlidir. İkili dialoqa girməliyik. Biz ona yardımçı olmasaq, xəta edərik”.