“Peşmansınız deyəndə ki, borcumuzu yerinə yetirirdik” - MÜSAHİBƏ
12.11.2010 - 15:10
“Peşmansınız deyəndə ki, borcumuzu yerinə yetirirdik” - MÜSAHİBƏ
“Qəbələ” klubunun və Azərbaycan yığmasının futbolçusu Nodar Məmmədovun apasport.az saytına müsahibəsi

- Milli komandamızın Çernoqoriya ilə yoldaşlıq görüşü üçün heyəti açıqlandı. Yəqin ki, 17 nəfərlik heyətdə yer almağınız haqda məlumatınız var...
- Bəli. Az öncə zəng edib, bu barədə məlumat verdilər. Bilirəm ki, komandamızdan mənimlə Saşa Yunisoğlunu çağırıblar. Baş məşqçi Berti Foqtsun özü də müsahibələrində demişdi ki, belə oynasa Nodarı heyətə çağıracaq.

- Ancaq Foqts son vaxtlar Bakıda keçirdiyi təlim-məşq toplanışlara çağırsa da, sizə əsas yox, ehtiyat heyətdə yer verirdi. Bu mənada indi çağırılmaq sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Sözün düzü, bu dəfə milli komandaya dəvət ediləcəyimə inanmırdım. Ancaq dəvət olunmuşamsa, deməli, təlim-məşq toplanışında özümü yaxşı tərəfdən göstərmişəm. Burada komandamızın da yaxşı çıxışının təsiri var.

- Deməli, hesab edirsiniz ki, hazırda 6-cı yerdə olan “Qəbələ” Premyer Liqanın cari mövsümündə yaxşı oynayır? Hərçənd, mövsümə ardıcıl üç məğlubiyyətlə başladınız...
- Doğrudur. Həmin vaxt heyətimiz formalaşmamışdı. Yeni futbolçular çox idi. Baş məşqçimiz Toni Adams yeni idi. Uyğunlaşma, anlaşma üçün vaxt lazım idi. Artıq “Qəbələ” öz oyununu tapıb və çempionatda işlərimiz yaxşı gedir.

- Yığmada sonuncu oyununuzu xatırlayırsınız?
- Bəli. 2008-ci ilin sentyabrın 6-da səfərdə Uels yığmasına 0:1 hesabı ilə uduzduq. Bu, 2010-cu il dünya çempionatının seçmə mərhələsində ilk oyunumuz idi. Foqts həmin görüşdə yığmamızda rəsmən debüt edirdi.

- Foqts həmin vaxt haqqınızda çox yüksək fikirdə idi. Hətta sizi Azərbaycanda azsaylı ən yaxşı solaxay futbolçulardan sayırdı. Ancaq sonradan nə baş verdi ki, 2 ildən artıq yığmadan kənarda qaldınız?
- Bilirsiniz, bunun səbəbi həmin vaxt MOİK-ə getməyim oldu. Autsayder komanda idi, hər oyunda böyük hesabla uduzurdu. Özünüz fikirləşin, hansı baş məşqçi 0:3, 0:5 hesabı ilə uduzan komandanın futbolçusunu yığmaya götürər? “Neftçi”yə 0:5 hesabı ilə uduzduq və Foqts bundan sonra məni çağırmadı.

- Həmin vaxt MOİK-də olmağınıza görə peşmansınız?
- Peşmansınız deyəndə ki, borcumuzu yerinə yetirirdik. Buna məcbur idik.

- Siz “Qəbələ”yə gələnə kimi sol cinah müdafiəçisi mövqeyində oynamısınız. Bu komandada isə dayaq yarımmüdafiəçisi kimi çıxış edirsiniz. Belə dəyişiklik sizin üçün nə dərəcədə çətindir?
- Açığı, ilk vaxtlar çox çətin idi. İlk 3 oyunda heç öyrəşə bilmirdim. Hətta Adamsa dedim ki, məni öz yerimdə oynat. Ancaq baş məşqçi bununla razılaşmırdı. Deyirdi ki, narahat olma, hər şey yaxşıdır. Adams mənə inanırdı və bu etimad oyunumuza müsbət təsir göstərdi. Artıq dayaq yarımmüdafiəçisi mövqeyində özümü rahat hiss edirəm. Əvvəlki mövqeyimdə oynamaq indi mənə çətin olar.

- Yəni müdafiənin sol cinahına qaytarsalar, oynamaqda çətinlik çəkərsiniz?
- Yox. Sadəcə, dayaq yarımmüdafiəçi mövqeyinə o qədər öyrəşmişəm ki... Fikrimcə, orta sahədə oynamaq futbolçuda daha çox güc tələb edir, nəinki cinahda. Gücün çox olanda, oyunun daha yaxşı alınır. Sol cinah müdafiəçisi kimi oynamalı olsam, fiziki hazırlıq baxımından çətinliklə üzləşmərəm.

- Foqts da sizi dayaq yarımmüdafiəçisi mövqeyində sınayırdı?
- Bəli. İkitərəfli oyunda bu mövqedə çıxış etdim.

- Onu nəzərə alın ki, yığmada həmin mövqedə rəqabət böyükdür...
- İnşallah, yaxşı olar. Rəqabətdən çəkinmirəm.

- Çernoqoriya ilə oyun haqda nə düşünürsünüz?
- Rəqibimizin oyunu görməmişəm. Ancaq eşitdiyimə görə, qrupda 1-ci yerdə gedirlər. Belə güclü rəqiblə oynamaq özümüz üçün xeyirlidir. Yığmamızda gənclər çoxdur. Onlara belə komanda ilə görüşdə oyun praktikası qazanmaq daha yaxşı olacaq.

- Bəs nəticə?
- Hər halda, Türkiyə yığmasına qalib gələn komanda Çernoqoriyada da nəsə edə bilər.

- Ancaq onu da nəzərə alaq ki, həmin heyətdə yer almış bir sıra futbolçumuz Podqoritsadakı görüşdə oynamayacaq.
- Nə bilim... Yığmaya futbolçu çağırılırsa, deməli, buna layiqdir. Heyətdə dəyişiklərin olması normaldır.

Mehman SÜLEYMANOV