Gözün aydın, MOİK!
12.11.2010 - 15:58
Gözün aydın, MOİK!
MOİK 96 günlük tilsimi qırıb. Apasport.az saytının hesablamalarına görə, “hərbçilər” növbəti qolunu 1134 dəqiqə, yaxud 19 saat 54 dəqiqə gözləməli oldu.

Bu, Unibank Premyer Liqasının XIII turunun AZAL-la oyunun 47-ci dəqiqəsində Nuran Qurbanovun penalti zərbəsindən hesabı 1:1 etməsi sayəsində reallaşıb. Tarixinin ən uğursuz mövsümünü keçirən ordu komandası ölkə kubokunu da nəzərə alsaq, məğlubiyyətləri sıralaması azmış kimi, bu görüşlərdə qol da vura bilmirdi. Ən acınacaqlısı odur ki, MOİK I turdan sonra rəqib qapısına yol tapmırdı.

Düzdür, IX tur çərçivəsində oktyabrın 16-da “Bakı”ya səfərdə 1:2 hesabı ilə uduzduğu oyunda qol qeydə alınıb. Ancaq məsələ ondadır ki, bu, “Bakı”nın toqolu müdafiəçi Dare Nibombenin öz qapısına vurduğu top sayəsində gerçəkləşib. Yəni, MOİK-in öz futbolçusunu vurduğu sonuncu qol I turda “Muğan”ı evdə 3:2 hesabı ilə yendikləri oyunda olub.

Maraqlıdır ki, uzun həsrətə son qoyan Nuran Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı oyunda hesabı açaraq, MOİK-in cari mövsümdə, elitaya qayıdandan sonra ilk qolunun müəllifi olmuşdu. İndi Qurbanov “Muğan”la görüşdə dubl edərək, qələbəni təmin edən komanda yoldaşı Anar Qasımov kimi “hərbçilər”in bombardiridir.