“Onlar öz səviyyəsini Azərbaycanla oyunda göstərdilər”
30.11.2010 - 12:14
“Onlar öz səviyyəsini Azərbaycanla oyunda göstərdilər”
Qadın futbolçular arasında dünya çempionatının final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, gələn ilin yayında Almaniyada baş tutacaq mundialın iştirakçılarından olacaq Kolumbiya yığmasının baş məşqçisi Rikardo Rozo püşklə bağlı Azərbaycan millisini yada salıb.

Qrup mərhələsində İsveç, ABŞ və KXDR yığmaları ilə görüşəcək cənubi amerikalıların çalışdırıcısı rəqiblərini dəyərləndirərkən onların seçmə mərhələdəki qarşılaşmalarından da danışıb. Rozo skandinaviyalıların gücünü Azərbaycanla oyuna əsasən müəyyənləşdirir: “Tomas Dennerbyunin yetirmələrinin əsas üstünlüyü fiziki cəhətdən güclü olmalarıdır. Onlar hər oyunda maksimum qol vurmağa çalışırlar. Seçmə mərhələnin Azərbaycanla matçında 17:0 hesabı ilə qələbə qazanmaqları da isveçlilərin səviyyəsini göstərdi”.

Qeyd edək ki, DÇ-2011-in seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan İsveç millisi Bakıda 3:0, Höteborqda isə 17:0 hesabı ilə qalib gəlmişdi.