“AZAL təkcə məni yox, hamını təəccübləndirir” - MÜSAHİBƏ
30.11.2010 - 14:41
“AZAL təkcə məni yox, hamını təəccübləndirir” - MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Denis Silvanın müsahibəsi

- "Qarabağ"la son oyun necə keçdi?
- Çətin oldu. Ancaq buna baxmayaraq, bizə lazım olan nəticəni əldə edə bildik . Rəqibimiz çox yaxşı oyun sərgilədi. Azərbaycanın ən güclü komandalarından biri olan "Qarabağ"a qalib gəlmək təkcə turnir cədvəlində yerimizi möhkəmləndirmək üçün yox , həm də komandada motivasiyanın daha yüksək olması üçün vacib idi. Növbəti oyunda bu bizim üçün stimul olacaq.

- Bu oyundan sonra komandada əhval-ruhiyyə necədir?
- Komanda daxilində əhval-ruhiyyə çempionatın əvvəlində olduğu kimidir. Futbolçular hər oyunda yalnız qələbə, layiqli mübarizə aparmaq və xal qazanmaq haqqında düşünür.

- Növbəti qarşılaşma süni örtüklü meydançada keçiriləcək. Bu sizin üçün çətin olmayacaq ki?
- Təbii ki, çətin olacaq. Çünki məşqlərimizi və oyunlarımızın böyük əksəriyyətini təbii örtüklü meydançalarda keçiririk. Ancaq düşünürəm ki, bu amil bizim oyunumuza təsir etməyəcək, çünki biz peşəkar futbolçuyuq.

- Denis, sizin üçün təəccüblü deyil ki, AZAL komandası keçən ildən fərqli olaraq daha yaxşı oyun nümayiş etdirir və turnir cədvəlində "Xəzər-Lənkəran"la 2-ci və 3-cü pilləni bölüşür?
- Düşünürəm ki, AZAL hazırda Azərbaycan Premyer Liqasında ən yaxşı oyun sərgiləyən komandalardan biridir. Onların belə çıxışı təkcə məni yox, hamını təəccübləndirir.

Mənbə: neftchifc.com