Elxan Məmmədov: Güclü yığmalarla danışıqlar aparırıq
30.11.2010 - 16:30
Elxan Məmmədov: Güclü yığmalarla danışıqlar aparırıq
“Milli komandanın gələn ilin əvvəlində yoldaşlıq görüşü keçirməsi ilə bağlı danışıqlar gedir. Ancaq hələlik rəqiblərin adları dəqiqləşməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Yığmamızın baş məşqçisi Berti Foqts yanvarda komandanı Dubaya 14 günlük təlim-məşq toplanışına aparacaq. Həmin vaxt bir neçə yoxlama oyunları keçirəcək Azərbaycan millisi fevralın 9-da FİFA-nın “pəncərəsi”ndə nəzərdə tutulan vaxtdan da yararlanmaq fikrindədir. Məmmədovun sözlərinə görə, danışıqlar bitmədiyi üçün indidən ad açıqlamaq məqsədəuyğun deyil: “Hazırda 3 ölkə ilə danışıqlar aparırıq. Bunlardan biri Avropa, ikisi Asiya təmsilçisidir. Bizim prioritet yaxşı rəqiblərlə oynamaqdır. Danışıqlar apardığımız yığmaların üçü də güclüdür. Ancaq belə şərtləşmişik ki, hələ ad açıqlamayaq”.

Baş katib bildirib ki, bu oyunlar səfərdə baş tutacaq: “Çünki toplanışımız ölkədən kənarda olacaq və yığmamız növbəti iki rəsmi görüşünü rəqib meydanında keçirəcək. Yoxlama oyunları Dubayda, başqa ölkədə də keçirilə bilər. Foqts gələn həftə Bakıya qayıdacaq və yığma paytaxtda 4 günlük təlim-məşq toplanışına başlayacaq. Ümid edirik ki, milli komandamız yanvarda Dubaya yollanan zamanı klubların hazırlıq planlarını pozmayacaq, futbolçuların buraxılması ilə bağlı problem yaranmayacaq”.

Mehman SÜLEYMANOV