Arif Əsədov: Həm fiziki, həm də psixoloji yorğunluq hiss olunur
07.12.2010 - 13:22
Arif Əsədov: Həm fiziki, həm də psixoloji yorğunluq hiss olunur
“Biz hər iki cəbhədə qələbə uğrunda oynayırıq. Premyer Liqada olduğu kimi, ölkə kubokunda uğurlu çıxış etmək istəyirik. Buna görə, həm “Gəncə” ilə sabahkı səfər oyununa, həm də həftəsonu “Bakı” ilə çempionatda görüşə ciddi yanaşırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Unibank Premyer Liqasının son turunda xal itirən lider növbəti çətin sınaq qarşısındadır. “Neftçi” kubokda “Gəncə”nin qonağı olacaq. Əsədovun sözlərinə görə, uzun müddətlik çempionluq həsrətinə son qoymaq istəkləri nə qədər böyük olsa da, kuboku buna qurban vermək fikrində deyillər: “Artıq çətin oyunlar seriyamız gedir. Bu zaman istər-istəməz həm fiziki, həm də psixoloji yorğunluq hiss olunur. İndi əsas məsələ bunları aradan qaldırmaqdır və onun üzərində çalışırıq. Üstəlik, zədəli futbolçularımız da var. Ancaq bununla belə, Gəncəyə mərhələyə keçmək dalınca gəlmişik. 3 gündən bir oyun keçirmək qrafikinə uyğunlaşacağıq. Onsuz da bilirik ki, hər bir rəqiblə oyun bizim üçün çətin olduğundan, ciddi hazırlaşırıq. Komanda turnir cədvəlinin yuxarısında olanda məsuliyyət böyük olur. İstənilən halda, meydana yüz faiz motivasiya ilə çıxacağıq. Onsuz da itiriləsi heç nə yoxdur”.

“Gəncə” cari mövsümdə ən böyük məğlubiyyətini ilk dövrədə elə “Neftçi”dən alıb. İndi gəncəlilərə həmin 2:6 hesablı məğlubiyyətin əvəzini çıxmaq imkanı yaranıb. Üstəlik, “Gəncə” ev oyunlarında azarkeşləri ən çox olan klublardandır: “Bu, işimizi çətinləşdirsə də, əsas amil deyil. Əsas məsələ fiziki və psixoloji durumun qaydasında olmasıdır. Mən hələ ilk görüşdən sonra da demişdim ki, belə qələbəyə baxmayaraq, oyun gərgin keçdi. “Neftçi” ilə Gəncə təmsilçisi arasında oyunlar həmişə derbi olub və 2:6 hesablı məğlubiyyət də intriqanı artırır. “Gəncə” öz oyunu ilə çempionatımıza rəng qatır. Ən çox azarkeş toplayan 2-3 komandadan biridir. Gəncəlilər evdə son qələbələri ilə uğursuzluq zolağından çıxıb. Rəqibə çempionatda 6:2 hesabı ilə qalib gəlməyimiz aldadıcı ola bilər. Bizi “Gəncə” ilə yenə çətin sınaq gözləyir”.

Qeyd edək ki, “Neftçi” gələn həftəsonu Premyer Liqada “Gəncə”nin qonağı olacaq.