“Hələ bilmək olmaz ki, “Xəzər Lənkəran” bunu edə biləcək, yoxsa yox”
11.12.2010 - 00:02
“Hələ bilmək olmaz ki, “Xəzər Lənkəran” bunu edə biləcək, yoxsa yox”
“Deməzdim ki, komandamız cari mövsümdə qeyri-sabit oynayır. Sadəcə, “Neftçi” bizdən güclü olduğu üçün kubokda qalib gəldi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun futbolçusu Samir Zərgərov deyib.

NBC Bank Azərbaycan kubokunda öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə uduzan gəncəlilər mübarizəni dayandırdı. Zərgərovun həmin matçın uzatma dəqiqəsində penaltidən vurduğu qol təsəllidən başqa bir şey olmadı: “Neftçi” ilə elə bu il Gəncədə bir görüşümüz var. Bu tur “Xəzər Lənkəran”ın qonağı olub, gələn həftə “Neftçi”ni yenidən qəbul edəcəyik. Çalışacağıq ki, həmin qarşılaşmada qalib gələk. Ardıcıl iki çətin oyunumuz var. Zədəlilərimiz də sıraya dönsə, həmin görüşlərdə yaxşı çıxış edə bilərik. Kubokda mübarizəni dayandırdıqdan sonra bütün diqqətimizi çempionatı yönəltmişik. Düzdür, “altılığ”a düşməyimiz real olmasa da, buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. “Altılıq”da olmağı çox istəyirik. Çünki orada maraqlı oyunlar olacaq”.

“Gəncə”ni bu gün Lənkəranda çox çətin sınaq gözləyir. Əvvəla, orada çılğın publika qarşısında hər komanda tab gətirə bilmir. “Xəzər Lənkəran”ın evdə nadir hallarda uduzması, üstəlik, ilk dövrədə səfərdə “Gəncə”yə böyük hesabla yenilməsi (1:4) qonaqların işini ağırlaşdırır: “Onda belə çıxır ki, Almaniya Azərbaycanı 6:1 hesabı ilə udub deyə, bunun əvəzini çıxmalıyıq? Futbolda əvəz çıxmaq yoxdur. “Xəzər Lənkəran” bizi uda, məğlubiyyətin əvəzini çıxa bilər. Onu da hələ bilmək olmaz ki, “Xəzər Lənkəran” bunu edə biləcək, ya yox. Buna sabah 90 dəqiqədən sonra aydınlıq gələcək”.

Mehman SÜLEYMANOV