“Bizi “Neftçi” yox, hakimlər uddu” - MÜSAHİBƏ
11.12.2010 - 01:19
“Bizi “Neftçi” yox, hakimlər uddu” - MÜSAHİBƏ
Bu gün Unibank Premyer Liqasının XVII turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq Gəncənin eyniadlı komandası oyuna ciddi hazırlaşıb. İlk dövrədə rəqibini heç kimin gözləmədiyi halda 4:1 hesabı ilə məğlub edən “Gəncə” diqqətləri üzərinə çəkmişdi. Məhz həmin oyunda qeydə alınan nəticə “Xəzər Lənkəran” - “Gəncə” oyununa olan marağı birə beş artırıb. “Gəncə”nin uğurları üçün tər tökən və çılğınlığı ilə seçilən Ramal Hüseynov komandasının eyni uğurunu təkrarlamağa çalışacaqlarını deyib. Oyun öncəsi müsahibəsində futbolçu komandasının ilk “altılığ”a düşmək şansını qiymətləndirib.

- Azərbaycan kubokunun 1/8 final mərhələsində doğma meydanda “Neftçi”yə məğlub olaraq mübarizəni dayandırdınız. Oyunla bağlı nə deyə bilərsən?
- Onu deyə bilərəm ki, bizi “Neftçi” yox, hakimlər uddu. Bunu hamı gördü. “Neftçi”dən başqa hansı klub olsaydı, növbəti mərhələyə biz vəsiqə qazanacaqdıq.

- Kubokdakı məğlubiyyətdən sonra bütün diqqətinizi Premyer Liqaya yönəltmisiniz. Sizi “Xəzər Lənkəran”la çətin oyun gözləyir...
- Ağır oyun olacaq. “Xəzər Lənkəran” evdə azarkeşləri qarşısında inamlı təsir bağışlayır. Ancaq bizim üçün oyunun harada keçirilməsinin elə bir əhəmiyyəti yoxdur. Bilirik ki, bizimlə oyuna çox ciddi hazırlaşıblar. İlk dövrədəki 1:4 hesablı məğlubiyyətin revanşını almaq istəyirlər. Biz də bu amili nəzərə alıb, oyuna ciddi hazırlaşmışıq. Əsas heyətin 3 üzvü - Ceyhun Sultanovla Armand Feutchine zədəli, Zura Dzamsaşvili isə cəzalı olduqları üçün forma geyinə bilməyəcəklər. İnanırıq ki, onların yerini dolduracaq futbolçularımız əllərindən gələni edəcəklər.

- Son iki turda qələbə qazanaraq ilk “altılıq” şansınızı davam etdirirsiniz. Artıq çətin günlərin arxada qaldığını demək olarmı?
- Bizim üçün hər oyun çətindir. Son qarşılaşmalarda qələbə qazandığımız oyunlar da asan keçməyib. Nə vaxt ilk “altılıq”a düşəcəyik, ondan sonra çətin günlərin arxada qaldığını deyəcəyik. Məqsədimizə çatmayanadək bizim üçün hər oyun çətin olacaq.

- “Xəzər Lənkəran” cari mövsümdə evdə məğlubiyyət acısı dadmayıb. Bu amil sizi qorxutmur ki?
- Biz kollektiv futbola üstünlük veririk. İlk “altılıq” uğrunda mübarizə aparırıqsa, bu oyunda qələbə qazanmalıyıq. Rəqibin evdə məğlub olmaması bizi qorxutmur. Hər statistikanın bir sonu vardır. Əlimizdən gələni edəcəyik ki, “Xəzər Lənkəran”ın evdəki məğlubiyyətsiz oyunlar seriyasına son qoyaq.

- “Gəncə” səfərdə keçirdiyi oyunlarda təkcə MOİK-i məğlub edib. Komandanın səfər sindromu olduğunu demək olarmı?
- Bizə əsas xal lazımdır. Səfərdə əldə olunan 1 xal da bizi qane edir. Biz əsasən evdə keçirdiyimiz oyunlarda yaxşı təsir bağışlayırıq. İnanıram ki, ikinci səfər qələbəmiz “Xəzər Lənkəran” üzərində olacaq. Ümumiyyətlə, ilk dövrədəki kimi baxımlı oyun olacağını düşünürəm.

- Birinci oyunda “Xəzər Lənkəran”ı 4:1 hesabı ilə məğlub etmişdiniz. Rəqib həm də sizdən revanş almağa çalışacaq...
- Baş məşqçiləri Mirça Rednik müsahibəsində qeyd edib ki, 1:4 hesablı məğlubiyyəti unutmayıblar. Bu da oyunun gərgin və maraqlı keçəcəyindən xəbər verir. Mən də Mirça Rednikə demək istəyirəm ki, biz də həmin qələbəni unutmamışıq. Eyni nəticəni təkrarlamağa gedirik.

- Premyer Liqada əsas məqsədiniz nədir?
- Məqsədimiz ilk “altılıq”a vəsiqə qazanmaqdır.

- Deyək ki, ilk “altılıq”a düşdünüz. Bəs sonra?
- Ondan sonra qismət nədirsə, o da olacaq. “Altılıq”da nələr baş verəcəyi bilinmir. Nə qədər irəliyə bilsək, bizim üçün o qədər yaxşı olar.

- Sən komandanın ilk “altılıq”a düşmək şansını necə qiymətləndirirsən?
- İnanıram ki, bu istəyimizi həyata keçirə biləcəyik. Çünki hələ heç nə bitməyib. Məncə, 70-80 faiz ilk “altılıq”a düşmək şansımız var.

- Ancaq etiraf edək ki, sizi çətin təqvim gözləyir. “Neftçi”, “İnter”, AZAL, “Qarabağ” və “Qəbələ” də məhz ilk “altılıq” və medallar uğrunda mübarizə aparır...
- Düzdür, təqvimimiz elə də əlverişli deyil. Ancaq bizim rəqiblərin də ağır oyunları var. Bunları da nəzərə almaq lazımdır. İndi cəmi 2 xal fərqimiz var. Məncə, bu elə də böyük fərq deyil.

- Digər komandalarla müqayisədə “Turan”, “Muğan” və “Simurq”la görüşlərdə vacib xallar itirmisiniz. Düşünmürsən ki, bu amil ilk “altılıq”a düşmək üçün sizə mane olar?
- Düzdür, ola bilər. Komanda olaraq əsas problemimiz bu cür rəqiblərlə oyunlarda xal itirməkdir. Autsayderlər qrupunda qərarlaşan komandalarla oyunlarda itirdiyimiz xallar bizi çox geri saldı. Görüşlərə ciddi yanaşırdıq və üstün futbol oynayırdıq. İlk dəqiqədən sonacan qol vurmaq barədə düşünürdük, ancaq istədiyimizə nail ola bilmədik. İndi zəif komandaları məğlub etmək daha çətindir. Bizim üçün bütün rəqiblər güclüdür. Maraqlıdır ki, digər komandalar bizimlə oyunlara ciddi hazırlaşırlar. Hazırda ilk “altılıq”dan kənar qalmışıqsa bunun səbəbi özümüzdədir. MOİK, “Simurq”, “Turan” və “Muğan”la oyunlarda xal itirməməli idik.

- “Şər deməsən xeyir gəlməz” deyiblər. Əgər ilk “altılıq”a vəsiqə qazana bilməsiniz nə olacaq?
- Premyer Liqaya bu il vəsiqə qazanmışıq. Məncə, debütant komanda üçün əldə etdiyimiz nəticələr yaxşıdır.

Mənbə: “Futbol dünyası” qəzeti