“Azərbaycanda macəralar yaşamaqdan imtina etmərəm”
13.12.2010 - 15:06
“Azərbaycanda macəralar yaşamaqdan imtina etmərəm”
“Karyeramı Azərbaycanda davam etdirmək ehtimalına heç bir şərh verə bilmərəm. Bircə onu qeyd edim ki, həqiqətən belə variant mümkündür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Danimarka millisinin futbolçusu Brayan Prisk Pedersen deyib.

Vətənində “Müdtulland” komandasında oynayan 33 yaşlı müdafiəçisi karyerasını “Qəbələ” klubunda davam etdirməyin əleyhinə olmadığını bildirib: “Qəbələ”yə keçidim mümkündür. Mən istənilən komanda ilə danışıqlara hazıram və heç kimə “yox” demərəm. Yeni macəralar yaşamaq imkanından imtina etmərəm. Qərarımla bağlı hər hansı məhdudiyyət yoxdur. Yalnız bəzi, zəruri şeylər var ki, onların yaxşı olması vacibdir. Məsələn, təhlükəsizlik”.

“Qəbələ”nin baş məşqçisi Toni Adamsla hələ İngiltərənin “Portsmut” klubundan tanış olan Prisk onunla görüşdüyünü etiraf edib: “Hələ mövsümün startı ərəfəsində Adamsla görüşmüşdük. Onunla birlikdə şirin söhbət etdik. Lakin konkret nə isə danışmadıq”.

Böyük Britaniya mətbuatının iddiasına əsasən, “Qəbələ”nin heyətində görmək istədiyi iki futbolçudan biri olan danimarkalı Prisk öz ölkəsinin yığmasında 24 oyun keçirib. 2003-07-ci illərdə millidə oynayan müdafiəçi 2004-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edib və 1/4 final həyəcanı yaşayıb. Əvvəllər İngiltərədə “Potsmut”, Belçikada “Genk” və “Brügge”də oynamış Brayan Adamsla elə Britaniyadan tanışdır. Onun bu klubda oynadığı vaxt “Qəbələ”nin baş məşqçisi həmin komandada çalışıb.

Qeyd edək ki, Prisklə yanaşı, Yamayka yığmasının üzvü Luton Şeltonun də təmsilçimizə keçidi ehtimal olunur.