“Xəzər Lənkəran”da yeni qolçu – FOTO
20.12.2010 - 14:33
“Xəzər Lənkəran”da yeni qolçu – FOTO
“Xəzər Lənkəran” klubunun albaniyalı futbolçusu Elvin Beçiri üçün Azərbaycan çempionatının son turu uğurlu olub. Apasport.az saytının məlumatına görə, MOİK-lə Bakıdakı qarşılaşmada dubl edən müdafiəçi 1 ildir oynadığı komandasında vurduğu qolların sayını 5-ə çatdırıb.

Bununla, Elvin “Xəzər Lənkəran”ın 6 illik tarixində ən azı 5 qol vuran 28-ci oyunçu olub. Ona qədər yalnız bir müdafiəçi bunu bacarmışdı. Söhbət komandanın sabiq kapitanı Emin Quliyev idi. O, lənkəranlıların heyətində 12 qola imza atmaqla, ən məhsuldar müdafiəçisidir.

Quliyev dubllarını 2007-ci ildə gerçəkləşdirib. O, öncə 2006/07 mövsümünün sonunda “Olimpik”lə oyunda (3:2) rəqibi iki dəfə məyus edib. Aprelin 27-də keçirilən bu görüşdən heç 5 ay keçməmiş Emin yenə dubl müəllifi olub. 33 yaşlı futbolçu 2007/08 mövsümünün startında – V turun “Turan”la oyununda (2:0) fərqlənib. Həm sentyabrın 16-da keçirilən bu görüş, həm də Eminin ilk dublu Lənkəranda çempionat çərçivəsində baş tutub.

Elvin isə “Xəzər Lənkəran”da ilk dublunu dekabrın 18-də “Şəfa” stadionunda etdi. Cari mövsümdə məhsuldarlığı ilə seçilən Beçirinin Eminə çatacağı mümkün görünür.

Qeyd edək ki, sırf mərkəz müdafiəçisi olan Elvindən fərqli, Quliyev bəzən dayaq yarımmüdafiəçisi kimi də çıxış edib.

Mənbə: lankaranfc.com