Ata Mourinyo: Oğlum mənim kimi olsaydı, artıq onu “yemişdilər”
30.12.2010 - 13:40
Ata Mourinyo: Oğlum mənim kimi olsaydı, artıq onu “yemişdilər”
Madrid "Real"ının baş məşqçisi Joze Mourinyonun atası da futbol oynayıb. Feliks Mourinyo 60-cı illərdə qapıçı, sonra isə məşqçi olub. Uşaqlıqdan futbolu sevən və illər keçdikcə ən parlaq təmsilçilərindən birinə çevrilən Joze məhz atasının yolu ilə gedir.

- Peşəkar futbolçuya necə çevrildiniz?
- İnternetdə haqqımdakı yazılarda səhvliyə yol verirlər. Çünki atam "Setubal" klubunun prezidenti olmayıb. O, həyat yoldaşımın atası olub. Ölkənin cənub əyalətində anadan olmuşam. Hansı ki, onun paytaxtı məhz Setubal idi. Ona görə də sonda bu şəhərdən olan komandaya düşdüm. Orda 13 il oldum, sonra isə 6 il "Belenenseş"də oynadım.

- Bəs karyeranızı harada başladınız?
- Digər uşaqlarla birgə küçədə oynamağa başladım. Onda tamamilə başqa zaman idi.

- Nə ilə fərqlənirdi?
- Bu gün qapıçı olmaq istəyən nəvəmə bizim vaxtımızda əlcəksiz oynadığımızı deyirəm. Güclü zərbədən sonra əl barmağımı sındırdıqdan sonra onu taxmağa başladım. Bu, karyeramın ortalarında, oyunun ortasında idi. İndi isə oğlum əlcəklərimi əziz xatirə kimi saxlayır. Hərdən indikilərlə müqayisə edirik, ümumi heç nə yoxdur! Və mən deyirəm: Fərqi hiss etmələri üçün əlcəksiz məşq edən bugünkü qapıçılara baxmaq istəyirəm. Ay Allah, çox incidirdi!

- Fərq daha nədədir?
- Bu gün qapıçılar daha texnikalıdırlar. Əvvəllər oyunumuzda hər şeydən əvvəl intuisiyaya əsaslandırırdıq. İndi əvvəllər olduğu kimi, rəqibin ayağına atılan qapıçıları nadir hallarda görürük. Bu gün hər şey başqa cürdür, daha çox ölçülüb-biçilir.

- Bəs dövrünüzün qapıçısı indiki matçların hansısa birində necə görünərdi?
- Həmişə oğluma deyirəm ki, müasir futbola adaptasiya olunsun. Çünki mən də ayağımla yaxşı oynayırdım. Bir də çox cəld oynayırdım. Buna baxmayaraq, müasir qapıçılar kimi fiziki cəhətdən o qədər də möhkəm olmadığımdan, mənim üçün çətin idi.

- Dövrünüzün ən yaxşı qapıçısı kim idi?
- Şəxsən mən neçə il Santander "Rasinq"i üçün oynamış Viktor Damaşın olduğunu düşünürəm. Portuqaliyalı məşqçilərdən biri söyləmişdi ki, əgər Damaşın “çərçivə”dən kənarda, Mourinyonun qapı xəttində əla oyunlarını birləşdirmək mümkün olsaydı, mükəmməl qapıçı olardı.

- Nə vaxtsa hansısa ispan komandasında oynamısızmı?
- Yox. Tamamilə başqa vaxtlar idi. Bir komandaya keçirdik və sona qədər orda oynayırdıq. Onda futbolçular bir komandadan digərinə qaçmırdılar və jurnalistlər də indiki kimi izləmirdilər. Lakin bəziləri klubu dəyişməyə müvəffəq oldu. Məsələn, "Atletiko"da oynayan Corc Mendons, yaxud "Sevilya"da çıxış edən Qrase.

- Alfredo Di Stefanoya qarşı oynamağa müvəffəq olmusuz?
- Bircə dəfə. Ancaq onda çox gənc olduğumdan, əsl böyüklüyünü başa düşmürdüm. Onu dünyanın ən yaxşı oyunçusu hesab edirəm, ona həmişə heyran olmuşam. Hamı kimi deyildi, digər futbolçulara bənzəmədiyini hətta məşqçi də mənə söyləmişdi. Pele belə deyildi, daha qüvvətli və güclü idi.

- Haçansa Peleyə qarşı oynamısız?
- Heç vaxt.

- Bəs indi dünyada ən yaxşı qapıçı kimdir?
- Başından zədə almayanadək Peter Çex idi. Amma zədədən sonra artıq o qədər inamla oynamadı. Kasilyas? Hə, çox gözəl qapıçıdır. Onda qapıçı üçün lazım olan bütün keyfiyyətlər cəmləşib. Çox gözəl texnikası var. Lev Yaşinin söylədiyi kimi: "Uzanıq vəziyyətdə iki qapıçıdansa, ayaq üstə bir qapıçı daha yaxşıdı". Kasilyas isə yerə lazım olan zaman uzanır.

- Yaşinlə tanışsız?
- Yalnız necə oynadığını görmüşəm.

- "Belenenseş"iniz "Santyaqo Bernabeu"nın açılış matçında oynayırdı. Hansı ki, Fransisko Hentonun şərəfinə bayram düzənlənmişdir. Sizin üçün həmin oyun yəqin ki, yaddaqalan olub, düzdü?
- Həmin il çempionatımızda ikinci olduq. Bununla belə, tarixdə ən yaxşı nəticəmiz idi. Ona görə də həmin oyuna dəvət sanki mükafat idi. Xatırlayıram, onda Lissabonda hava çox pis idi, təyyarənin uçuşunu gözləyirdik. Gözləməkdən o qədər yorulmuşduq ki, Madridə piyada getməyə hazır idik. Sonda isə qatarda getdik. Bütün gecəni kupenin taxçalarında keçirdik. Madrid vağzalına gələndə, bizi qarşılayan Hentonu görəndə isə o qədər təəccüblənmişdik ki...Bizi tək qarşıladı! Bax, buna insan deyərəm! Həmin yağmuru bu vaxtacan xatırlayıram... Artıq demək olar ki, dan yeri ağarırdı, özü bizi mehmanxanaya apardı.

- "Santyaqo Bernabeu"da oynayarkən nə hiss edirdiz?
- Yəqin ki, indiki oyunçuların hiss etdiklərini, xəyali hisslər idi. Hərəmizə "Real"ın emblemi olan saat bağışladılar, bu vaxtacan dostlarıma göstərirəm.

- Və Hento karyerasında sonuncu qolu vurdu...
- Hə, penalti ilə.

- Qol vurmağına siz imkan verdiniz?
- Yox. Ciddi deyirəm, qəsdən buraxmadım. Zərbəni demək olar ki, görmədim. Penaltini isə hakim onlara "bağışladı" ki, Hento onu vursun (gülür). Maraqlı idi.

- Oğlunuzun karyerasında mühüm rol oynadınız. Ona inanan ilk məşqçi idiniz?
- "Vitoriya Setubal"ı çalışdırdığım vaxt matçlara baxır və mənim üçün rəqib barədə məlumat toplayırdı.

- Öhdəsindən yaxşı gəlirdi?
- Bir neçə matçda mənə yetərincə çox kömək etdi, həm də hələ uşaq idi.

- İşə görə haqq alırdı?
- Hansısa qəpik! Udulan matçlar üçün kiçik mükafat. Oxumağını üstün tutdum, çünki futbolda yalnız nadir adamlar uğura nail olur. Futbol oynayanda mənim yaşamaq üçün adi işim də vardı.

- Uşaqlıqda oğlunuz necə olub?
- Çox gözəl oğul olub və olmaqda da davam edir. Çox yaxşı dost olub. Necə olduğunu əsl dostları bilir.

- Nəyə görə bu qədər paxıllıq edirlər?
- Uğura, çoxlarının müvəffəq ola bilməyəcəyini düşündüyü vaxt nail olub. Məhz onda bəzi insanlar onu çox məyus etdilər.

- Verdiyiniz məsləhətlərdən ən yaxşısı hansı olub?
- Ata kimi mümkün qədər yaxşı olmasını xahiş etdim. Lakin öz xarakteri inkişaf etdi, nəyin yaxşı olduğunu çox əla bilir. Hər şeydən əvvəl düzgün olmağını istədim.

- Çox təvazökar insan olduğunuzu söyləyirlər. Bəs nəyə görə oğlunuz atası kimi təvazökar deyil?
- Yəqin ki, təvazökarlığa görə atası üçün nə qədər çətin olduğunu bilir. Onun üçün "təvazökarlıq" sözü futbolda mövcud deyil. Əgər oğlum mənim kimi təvazökar olsaydı, onda artıq onu “yemişdilər”.

- Bəs sizdə nə baş verdi?
- Karyeram layiq olduğum kimi alınmadı.

- Lakin buna baxmayaraq, yığma oyunçusu idiniz...
- Yalnız bir matç. O da ki, 32 yaşında oynamışam.