Vaqif Sadıqovun “Anji”yə yollanmasında problem yarandı
12.01.2011 - 14:42
Vaqif Sadıqovun “Anji”yə yollanmasında problem yarandı
“Anji”də işləyəcəyim dəqiqləşib. Onlar məni Mahaçqalaya dəvət etsələr də, gedə bilmədim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

Hələ ötən həftə “Anji”dən təklif alan Sadıqov sonradan məsələ dəqiqləşmədiyi üçün geniş danışmaq istəmədi. Ancaq artıq klub rəhbərliyi tərəfindən ona rəsmi dəvət göndərilib: “Dünən “Anji”nin baş məşqçi zəng vurub, klub prezidentinin fikrini çatdırdı. Onlar məni komandada görmək istəyirlər. Artıq Mahaçqalada olmalı idim. Amma anam xəstə olduğu üçün komandaya yanvarın 21-də, Antalya toplanışı zamanı qoşulacağam”.

Hələlik Mahaçqala təmsilçisi ilə müqaviləyə imza atmadığını deyən mütəxəssis bunun Türkiyədə gerçəkləşəcəyini vurğulayıb: “Müqavilə imzalamamışıq. Türkiyədə bu işlərə aydınlıq gətiriləcək. Komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəm”.

Sadıqov bildirib ki, “Anji”dən əvvəl daha bir ölkədən təklifi alıbmış: “Başqa variantlar var idi. Bu Rusiya klubu yox, İran təmsilçisi idi. Ancaq gələn zəng fikrimi dəyişdirdi”.

Məşqçidən “Anji”yə azərbaycanlı futbolçu aparıb-aparmayacağını da öyrəndik: “Burdan futbolçu aparmaq haqda nəsə deyə bilmərəm. Bunu müzakirə etmək lazımdır. Ancaq istərdim ki, futbolçularımız Rusiya çempionatında çıxış edən klublarda oynasınlar. Mahir Şükürov sübut etdi ki, “Anji”də oynamaqla, ancaq və ancaq futbolumuza xeyir verir”.