Qus Hiddink Azərbaycanla bağlı danışmağa vaxt tapmadı
12.01.2011 - 16:31
Qus Hiddink Azərbaycanla bağlı danışmağa vaxt tapmadı
Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink Bakının “Neftçi” klubunun qaldığı “Titanik” otelində məskunlaşıb. Apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, hollandiyalı çalışdırıcının Antalyaya səfərində məqsəd türkiyəli məşqçilərin XXII seminarında iştirak etməkdir. Orada məruzə oxuyan Hiddinkin personası ətrafdakıların diqqətini çəkməyə bilməzdi. Bu mənada Türkiyəyə ezam olunmuş həmkarlarımla birgə tanınmış mütəxəssisə yaxınlaşıb, ilk olaraq onunla xatirə şəkli çəkdirməyi xahiş etdik. Hiddinkə azərbaycanlı jurnalistlər olduğumuzu dedikdə, onu məğlub edən almaniyalı Berti Foqtsdan söz saldıqda gülümsədi.

Bizlərlə böyük məmnuniyyətlə şəkil çəkdirən Hiddinkdən fürsət düşmüşkən, onunla söhbətləşməyə bilməzdik. Ancaq onu şəkil çəkdirməkdən fərqli olaraq müsahibə ilə bağlı yola gətirmək mümkün olmadı. Bəndəniz Hiddinkdən heç olmasa ayaqüstü qısa söhbətləşməyə, fikirlərini bildirməklə bağlı bir neçə dəfə təkid etsə də, bu, nəticə vermədi. Hətta bu işdə bizə yardımçı olan türkiyəli köməkçisi Oğuz Çətinin də vasitəçiliyi faydasız oldu. Hiddink iş qrafikinin sıx olmasını əsas gətirərək, Azərbaycanla bağlı danışmağa vaxt tapmadı.

Ancaq bu, daha çox onun yığmamızla bağlı söhbətləşməkdə könülsüz olmasına bənzəyirdi. Axı Hiddink kimi təcrübəli çalışdırıcı hələ ki Bakıda millimizə qalib gələ bilməyib. Ötən seçmə mərhələdə Rusiya yığmasının baş məşqçisi kimi Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesablı bərabərliyə qalan hollandiyalı “ay-ulduzlular”la həmin arenada acı məğlubiyyət aldı – 0:1. Həmin nəticədən sonra “kreslosu laxlayan” Hiddinkə təzyiqlər artıb, Türkiyə yığmasından kənarlaşdırılması ilə bağlı tələblər irəli sürülüb. 64 yaşlı mütəxəssis də azərbaycanlı jurnalistə danışmaqda maraqlı olmadığından, vaxt bəhanəsini ortaya atdı. Hər halda, Hiddink çoxları kimi ya qısaca açıqlama verə, ya da müsahibə ilə bağlı özü vaxt təyin edə bilərdi.

Mehman SÜLEYMANOV