Premyer Liqanın daha bir komandası “Şəfa”ya “köçür”
12.01.2011 - 15:44
Premyer Liqanın daha bir komandası “Şəfa”ya “köçür”
“Salyan Olimpiya İdman Kompleksinin stadionunda təmir işlərinə 15-20 gündən sonra başlayacağıq. Bu da səbəbsiz deyil”. Bunu apasport.az saytına açıqlamasında “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Çempionatda fasilə yaranan zaman Salyan təmsilçisi ev oyunlarını keçirdiyi olimpiya kompleksinin qazonunu dəyişmə qərarına gəlib. Ancaq dekabrın 23-dən Premyer Liqada fasilə yaransa da, işlərə başlanmayıb. Klub rəsmisi bunun səbəbini belə izah edib: “Toxum səpmək üçün havaların bir qədər istiləşməsini gözləməliyik. Hazırkı məqamda bunu etmək mümkün deyil”.

Təbii ki, təmir işlərinin gec başlanılması üzündən “Muğan” fasilədən sonra rəqiblərini doğma meydanda qəbul edə bilməyəcək. Belə olan halda, klub rəhbərliyi indidən bu məsələnin həllinə nail olmalıdır. Şirəliyev rəqiblərini Bakıda qəbul edəcəklərini bildirib: “Fasilədən sonra ev oyunlarını Bakıda keçirəcəyik. Böyük ehtimalla məkan kimi “Şəfa” stadionunu seçəcəyik”.