Amit Quluzadə: Bu, mənim ən böyük arzum olub
12.01.2011 - 18:00
Amit Quluzadə: Bu, mənim ən böyük arzum olub
“Bir müddət öncə mən “Fənərbaxça” klubunun düşərgəsinə yollanmışdım. Hər iki klubun rəsmiləri arasında keçirilən danışıqlardan sonra onların fikirlərində nə qədər ciddi olduğunu gördüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun yarımmüdafiəçisi Amit Quluzadə deyib.

“Fənərbaxça”ya keçidi gündəmdə olan gənc futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada Türkiyədə Azərbaycan futbolunu layiqincə təmsil edəcəyini bildirib: “Zədəli olduğum üçün hələlik İstanbul klubunun əvəzedici heyəti ilə məşqlərə qoşulacağam. Orada özümü sübut edib, “Fənərbaxça”nın əsas futbolçularından biri olmaq istəyirəm. Mənim bu günlərə gəlib çatmağımda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Legioner həyatı yaşamaq mənim ən böyük arzum olub. Təbii ki, nə vaxtsa tanınmış bir klubun şərəfini qoruyacağıma ürəkdən inanırdım. “Fənərbaxça”nın heyətində uğurla çıxış edəcəyim təqdirdə, digər futbolçularımıza da maraq artacaq. Mən bütün bunları çox gözəl dərk edirəm. Türkiyədə Azərbaycan futbolunu layiqincə təmsil edəcəyəm”.

Qeyd edək ki, “Fənərbaxça”nın yaxın günlərdə Amit Quluzadə ilə rəsmi müqavilə bağlayacağı gözlənilir.