Ümit Karan: Mən Rəşad Sadıqov kimi futbolçunu görmədim - MÜSAHİBƏ
14.01.2011 - 10:00
Ümit Karan: Mən Rəşad Sadıqov kimi futbolçunu görmədim - MÜSAHİBƏ
Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu Ümit Karanın apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Rəşad Sadıqov komandada necədir?
- Vallah, mən bir çox əcnəbi, fərqli ölkələrdən gələn futbolçularla çalışsam da, Rəşad kimi komandaya ruh yüksəkliyi verən futbolçunu görmədim. O, təcrübəsi ilə bərabər, bizə çox fayda verir. Biz Sadıqovu çox sevirik. Onu əslində “Reşo” deyə çağırırıq. Birgə çalışmaqdan məmnunuq. İnşallah, qısa müddətdən sonra bizi Azərbaycana aparacağına söz verib. Həm də ölkənizi gəzərik. Azərbaycan həqiqətən maraq kəsb etdiyimiz məkandır. Düzdür, oyunlar zamanı gedirik. Ancaq həmin vaxt gəzmək imkanımız olmur. İnşallah, Rəşad qardaşımız bizi Azərbaycanda gəzdirəcək. Ancaq öncəliklə ondan çox məmnunuq. Çox yaxşı peşəkar futbolçu, səviyyəli insandır. Əslində bizim üçün önəmlisi budur. Sadıqov komandaya tez uyğunlaşdı və onunla birgə oynamaqdan şadıq.

- Rəşadı Türkiyəni, bizi yıxan adam deyə çağırmağınız doğrumu?
- (gülür) Təbii. Onu milli komandasında, ölkəsində göstərdiyi uğurlara görə təbrik etmək lazımdır. Rəşadın qalib gəldiyiniz həmin oyundan sonra həqiqətən kefi də yerinə gəldi “Əskişəhərspor”da oynamağa da başladı. İlk vaxtlar onun üçün sıxıntılı keçdi, əvvəlki baş məşqçi oynatmırdı. Baş məşqçi dəyişikliyi ilə Sadıqov oynamaq fürsəti qazandı və bunu yaxşı dəyərləndirdi. Təbii ki, yığmamıza vurduğu qola görə hələ də üzgünük. Ancaq futbolda bunlar var və əslində gözəl şeylərdir.

- Rəşad Azərbaycanda sevildiyinizi sizə söylədimi?
- Bəli. Bizi orada çox sevirlərmiş. Bir də keçmiş komandam olan “Qalatasaray”ın Azərbaycanda çox heyranı varmış. Baxarıq, qismət olarsa, gün gələndə bu sevgini görəcəyik.

Mehman SÜLEYMANOV