“Fasilədən sonra fərqli “Qarabağ” görəcəksiniz”
16.01.2011 - 10:00
“Fasilədən sonra fərqli “Qarabağ” görəcəksiniz”
Ağdamın “Qarabağ” klubunun kapitanı Fərhad Vəliyevin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Qış fasiləsində Antalyadakı hazırlığı necə dəyərləndirirsiniz?
- 5-6 gündür burdayıq, elə də çətin məşqlər deyil. Burada uzun müddətlik təlim-məşq toplanışındayıq. Allaha şükür, zədəlilərimiz yoxdur. Hazırlığa yaxşı başlamışıq, yavaş-yavaş məşqləri intensivləşdirəcəyik.

- Ancaq hazırlığın ilk mərhələsi çox futbolçuların ürəyincə olmur. Çünki fiziki hazırlığa diqqət yetirildiyindən, ağır yükləmə olur. Sizdə belə olur?
- Yox. Biz futbolçular öz aramızda danışırıq və elə bir ciddi şikayətlənmirlər. Yüngül yorğunluq var. Bu, təbiidir, olmalıdır. Elə bir çətinlik yoxdur.

- Xaricdə ən uzun müddətli təlim-məşq toplanışı keçəcək sizin komandadır. Fasiləsiz 4 həftəlik toplanışa dözmək çətin olmayacaq?
- Düzdür, əvvəldən futbolçularla öz aramızda danışanda bunun çətin olacağı deyirdik. Ancaq getdikcə öyrəşirik. Onsuz da bilirik ki, biz burdayıq və geriyə dönüş yoxdur. Bu toplanışda yaxşı hazırlaşıb, çempionatda uğurlu çıxış etməyə çalışacağıq.

- “Qarabağ”a gələn yeni futbolçular arasında kapitanın diqqətini cəlb edən olubmu?
- Hər gün baxışa yeni futbolçular gəlir. İnşallah, yanvarın 18-də ilk yoxlama oyunumuz var. Qazaxıstanın “Lokomotiv” klubu ilə görüşəcəyik. Bu oyunlarda gələnlərlə bağlı qərar veriləcək.

- Bu ildən, cari mövsümdən nə gözləyirsiniz?
- Əsas diqqətimizi ilk mərhələnin qalan üç oyuna yönəldəcəyik. İstəyimiz odur ki, maksimum nəticə göstərib, liderlərə daha da yaxınlaşaq. “Altılığ”a düşəndən sonra çempionluq uğrunda vuruşacağıq.

- “Xəzər Lənkəran”la səfərdəki qələbə onu göstərdi ki, güclü komandalarla daha yaxşı oynayırsınız. Ancaq digər rəqiblərlə görüşlərdə nəticə qazana bilmədiyiniz vaxtlar olub...
- Düzdür, arada bir qədər məğlubiyyətlər oldu, uğursuzluq zolağına düşdük. Ancaq Allahın köməyi ilə bundan çıxdıq və son 4 oyunda qalib gəldik. Bununla həm turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırdıq, həm də futbolçulara inam gəldi. İnşallah, fasilədən sonra tam başqa “Qarabağ” görəcəksiniz.

Mehman SÜLEYMANOV