Fərhad Vəliyev: Berti Foqts məni hesabdan silməyib
16.01.2011 - 13:15
Fərhad Vəliyev: Berti Foqts məni hesabdan silməyib
“Milli komandamızın qarşıdakı Dubay toplanışına çağırılmamağım məndə ruh düşkünlüyü yaratmayıb. Belə düşünürəm ki, millimizin baş məşqçisi məni tanıdığından, həmin toplanışa götürmür”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan yığmasının qapıçısı Fərhad Vəliyev deyib.

“Qarabağ”ın kapitanı olan Fərhad klubundan fərqli, yığmada əsas qapıçısı deyil. Hərçənd millidə indiki “1 nömrə” Kamran Ağayavə qədər əsas qapıçı məhz Vəliyev idi. Baş məşqçi Berti Foqts yanvarın 27-dən fevralın 10-a kimi Dubayda təlim-məşq toplanışına açıqladığı siyahıda təcrübəli qapıçını yalnız ehtiyat oyunçular sırasında göstərib.

Buna görə üzülməyən Fərhad gənc həmkarlarının sınanmağını vacib sayır: “Foqts əsas qapıçısı olan Kamranla yanaşı, Aqil Məmmədovla Andrey Popoviçi toplanışa aparacaq. İkisi də gənc, yaxşı qapıçılardır. Gələcəkdə Azərbaycanda yaxşı qapıçılar olacaqlarını düşünürəm. Fikrimcə, Foqts onları yoxlamaq üçün dəvət edib, mən isə əsas oyunlarda milliyə çağırılacağam. O, məni hesabdan silməyib. Hər halda, ehtiyat oyunçular sırasına adımı daxil edib”.

Vəliyevi hər şeyi zamanın ixtiyarına buraxır: “Gələcək göstərəcək. Allah göstərməsin, hər şey, zədə ola bilər. Hesab edirəm ki, seçmə mərhələnin oyunlarına klubunda əsas heyətdə yer alan futbolçular, qapıçılar çağırılmalıdır. İndi çağırılanlar hələ ki gəncdirlər və inşallah, gələcəkdə Azərbaycan futboluna çox fayda verəcəklər”.

Mehman SÜLEYMANOV