Uli Ştayn “Messi”ni milli komandamıza gətirir
16.01.2011 - 14:38
Uli Ştayn “Messi”ni milli komandamıza gətirir
Azərbaycan millisinin məşqçisi Uli Stayn Almaniyanın “TUS Dornberq” klubunun çalışdırıcısı olan həmyerlisi Mario Ermişlə əlaqə saxlayıb. Bu haqda apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına məlumat verən 4-cü Bundesliqa təmsilçisinin məşqçisi Vasili Senkiv bildirib ki, zəngin məqsədi əslən azərbaycanlı futbolçu Uğur Pamukla bağlıdır.

Məlum olduğu kimi, 22 yaşlı Uğur komandası ilə “Neftçi”nin Türkiyənin Antalya şəhərində qaldığı “Titanik” otelində təlim-məşq toplanışına gəlib. Ora ezam olunan azərbaycanlı jurnalistlər, o cümlədən apasport.az saytının əməkdaşının Pamuku tapıb, onunla götürdüyü müsahibə AFFA-nın, yığmamızın rəsmilərinin diqqətini cəlb edib.

Milliyətcə ukraynalı olsa da, uzun illərdir Almaniyada yaşayan Senkiv Ştaynı tanıdığını bildirib: “O, Almaniyada bizim şəhərdən, Bilefelddəndir. Bilirəm ki, yığmanızda baş məşqçi Berti Foqtsun köməkçisidir, qapıçılarla işləyir. Ştaynla baş məşqçimiz çoxdan bir-birlərini tanıyırlar, birgə oynayıblar. O, Ermişdən Uğur haqda soruşub, lazımı məlumatlar alıb. Çalışdırıcımız da Ştaynı maraqlandıran sualları cavablandırıb. Görünür, Foqts Pamuk hadda məlumatlandıqda köməkçisini futbolçu ilə maraqlanmağı tapşırıb. Hər halda, Ştaynla həmşəhərliyik”.

“TUS Dornberq”in məşqçisi azərbaycanlı jurnalistlərə minnətdarlıq etdi: “Sağ olun ki, Uğuru arayıb, onu diqqətdə saxladığınız və götürdüyünüz müsahibə ilə tanıtdınız. O, istedadlı futbolçudur, hələ gəncdir, böyük perspektivi var. Biz keçmiş SSRİ-də birgə yaşadığımızdan, azərbaycanlılara bələdəm, tanışlarım da var. Sizə deyim ki, Uğur təkcə xarici görünüşcə yox, xasiyyətcə, bir sıra keyfiyyətlərinə görə azərbaycanlılara oxşayır. Halbuki o, uzun illərdir Almaniyada yaşasa da, Türkiyə vətəndaşıdır”.

Senkiv Pamuku futbolçu kimi belə xarakterizə edib: “O, cəlddir, texnikalıdır, sağ cinah yarımmüdafiəçisi kimi yüksək sürətə malikdir. Uğur işgüzardır, məşqlərdə böyük səylə çalışır. Futbolçumuzun daha irəli getməsi üçün milli komanda böyük təkan olacaq. Uğuru sınamağa dəyər və bunun üçün rəsmi dəvət gəlməlidir. Deyəsən, Ştaynın çalışdırıcımızla söhbətindən sonra belə olacaq. Pamukun Azərbaycan yığmasına çağırılması bizim üçün də fəxrdir. Hər halda, 4-cü Bundesliqada oynayan komandamızın futbolçusuna millidən dəvət gəlir”.

Qeyd edək ki, almaniyalı azarkeşlərin “Messi” ləqəbi verdiyi Uğurun yığmamızın yanvarın 27-dən fevralın 10-dək Dubayda təlim-məşq toplanışına yoxlanmaq üçün çağırılması gözlənilir.

Mehman SÜLEYMANOV