Rəşad Abdullayev: İlk təlim-məşq toplanışını heç kim sevmir - MÜSAHİBƏ
17.01.2011 - 00:24
Rəşad Abdullayev: İlk təlim-məşq toplanışını heç kim sevmir - MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Rəşad Abdullayevin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Zədə səbəbindən məşqlərdə tam gücünüzlə çalışa bilmirsiniz. Bu problem nə vaxt yarandı?
- Antalyada ilk gün məşq etdim, ertəsi test normativləri verən zaman, qaçanda ayağımda ağrılar hiss etdim. Kompüterlə müayinə edəndən sonra məlum oldu ki, ayağıma su yığılıb.

- Daban nahiyəsində?
- Ondan bir az kənarda. Ayağımı yerə basanda, ağrılar var.

- Əvvəl belə zədəniz olub?
- Yox, yenidir. Sol ayağımda xroniki zədəm olub. Ola bilər ki, məşqdə ayağım burxulub və həmin vaxt hiss etməmişəm.

- Həkimlər nə məsləhət görür?
- Buradakı aparatlarla müalicə etdirirəm. Yanvarın 20-dək Antalyada məşq edə bilsəm, hazırlığımı davam etdirəcəyəm. Əks təqdirdə Bakıda müalicə keçəcəyəm.

- Hələ ki toplu çalışmalarda iştirak edə bilməzsiniz?
- Bu, hələ ki yox, sonra bilinəcək. Hər gün maqnit-rezonans müayinəsindən keçirəm. Ola bilsin ki, məşq etdikcə ağrılar keçəcək. Bunu vaxt göstərəcək.

- Fasilədən sonra hazırlığın ilk mərhələsində fiziki hazırlığa çox diqqət yetirildiyindən, futbolçular ağır yüklənirlər. Sizdə belə vaxtda zədə olubmu?
- Sözün açığı, məndə ilk dəfədir. Bu hazırlığın çox böyük xeyri var. Onu sonra, çempionatda görürsən. Elə olur ki, indi yüklənmə çox getdiyindən, yorulursan. Ancaq sonradan bunun xeyrini çox görürsən.

- Ancaq məşqi kənardan izləyəndə futbolçunun çox gərgin olduğu görünür...
- Bu, təbidir. Çünki futbolçular çox yükləndiyindən, heç kim ilk təlim-məşq toplanışını sevmir. Ancaq bu, işimizdir və bizə lazımdır.

- Yəni, sonra bunun bəhrəsini görəcəksiniz və “altılığ”a hazır olmalısınız...
- Əlbəttə. İkinci təlim-məşq toplanışında çoxlu yoxlama oyunları, toplu çalışmalar olacaq. Bu 10 gün elədir ki, ancaq gərək fiziki hazırlığa fikir verək.

- Komandanızda əvvəlki fiziki hazırlıq üzrə məşqçi italyan Covanni Melkiorre olub, İndi isə onun yerinə türkiyəli Mehmet Ak gəlib. Fərq varmı?
- Hərəsinin öz yeri iş metodu var. Bununla fərqlənirlər və yeniliklə rastlaşırıq.

- Akın məşqlərində əsas diqqətini cəlb edən nədir?
- Hər futbolunun öz orqanizmi, gücü var və hamı bir-birinə qoşulub, qaşa bilməz. Hərənin öz ürək döyüntüsünü, tempi var. Akda bir şey yaxşıdır ki, bunları nəzərə alaraq, hər futbolçuya xırdalığına kimi izahat verir. Bizdən test götürüldü və hər futbolçu buna uyğun olaraq qaçır. Nəbzi ürək döyüntüsündən çox vurursa, onu çox qaçmağa qoymur. Bir futbolçuda cəldlik, digərində dözümlülük çox olur.

- Qış fasiləsindən sonra ilk turda 1 xal qabaqladığınız “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz. Belə təqvimi münasib sayırsınız?
- Təqvim belə gətirib ki, fasilədən sonra “Xəzər Lənkəran”la vacib oyunumuz olacaq. İstər-istəməz ilk oyun daim həyəcanlı olur. Üstəlik, həmin görüşdə ilk iki pillənin sahibləri görüşür və “Neftçi” ilə “Xəzər Lənkəran” arasında həmişə gərgin mübarizə olub. Bunu bütün Azərbaycanda bilirlər. Çalışacağıq ki, burda yığdığımız forma ilə ilk oyuna yüz faizli hazır olaq. Həmin oyunda yeganə məqsədimiz qalib gəlib, 1-ci pillədəki rahatlamaqdır.

- Buna nail olsanız, “Xəzər Lənkəran”ı 4 xal qabaqlayacaqsınız. Bununla çempionluğa doğru böyük addım atdığınızı demək olar?
- Mən belə deməzdim ki, “Xəzər Lənkəran” udmaqla çempionluğu təmin etmiş olacağıq. Hələ qarşıda çox oyunlar var. Ancaq biz qələbə ilə çempionluğa böyük bir təkan verəcəyik. Çünki sonradan bizim elə də çətin oyunlarımız var.

- “Xəzər Lənkəran” yaranandan 5 il onun şərəfini qorumusunuz, uzun müddət onun ən çox oyun keçirən futbolçusu olmusunuz. Bunu nəzərə alsaq, keçmiş komandanızla görüş sizin üçün prinsipial əhəmiyyət kəsb edirmi? Həmin oyuna özünüzü xüsusi kökləyirsinizmi?
- Əlbəttə. Bu, incikliklə bağlı deyil, yaxşı mənada prinsipiallıqdır. Keçmiş komanda olan oyun hər futbolçu üçün stimuldur. Bu, mənim üçün fərqli bir stimuldur və keçən mövsüm “Xəzər Lənkəran”la oyunlarda da belə idi. “Xəzər Lənkəran”la görüşün qəhrəmanı kimi meydandan çıxmaq mənim üçün xoş olardı. Bu komandada oynadığım üçün onunla görüşdə öz sözümü deməyə çalışıram.

- İndiki “Xəzər Lənkəran” sizin vaxtınızdankından çoxmu fərqlənir?
- Mən deyərdim ki, hə. Açığı, “Xəzər Lənkəran”ın indiki oyunundan xoşum gəlmir. Mənim vaxtımda, ötən mövsüm də komanda baxımlı futbol oynayırdı. Mənim Lənkərandakı insanlarla indi də münasibətim var, zəng edib, soruşurlar. Düzdür, hər məşqçinin öz taktikası var. “Xəzər Lənkəran” indi başqa futbol oynayır.

- Yəni baxımlı yox, nəticəyə oynayırlar?
- Bəli. Oyunlarda da görürsən ki, çox da qol vurmurlar, az imkanları olur. Ancaq bizim vaxtımızda çox qol vururduq, hər oyunda bəlkə 10-15 epizod olurdu.

- Hər halda, futbolda nəticə oyundan daha çox vacib deyilmi?
- Əlbəttə, belədir. Elə olur ki, komanda heç bir baxımlı oyun göstərmir, ancaq sonda istədiyi nəticəyə nail olur. Yenə də çalışmaq lazımdır ki, baxımlı oyun olsun. Çünki bu oyunlar Avropaya gedir. Heç olmasa, bir az baxımlı oyun göstərsinlər. Bu, sonradan Avropada öz sözünü deyəcək.

- “Xəzər Lənkəran” qış fasiləsində heyətində köklü islahatlar edərək, çoxlu futbolçuları transferə çıxardı. Yeni komandanı qurmağı çətin olduğunu, vaxt apardığını nəzərə alsaq, mövsümün sonunda belə dəyişiklər işinizə yarayırmı?
- Lənkəranlılar böyük dəyişiklik edərək, çox oyunçuları çıxarıblar və yeniləri onların yerinə gətiriblər. Məncə, bu, ziyana gedəcək. Çünki tanıdığı futbolçular idi. Onlar arasında mən tanıdıqlarım da vardı. Yenilərin Azərbaycan çempionatına uyğunlaşması bir az vaxt tələb edir. Dəyişiklərin mənfi, yaxud müsbət olacağını zaman göstərəcək. Fikrimcə, bu, işimizə yarayır. Çünki bizdə komplektləşmiş heyətdir, bir ildən artıqdır bir yerdə oynayırıq, hamı bir-birini tanıyır.

Mehman SÜLEYMANOV