Denis Silva: Çempion olmaq üçün bütün səylərimizi ortaya qoyacağıq
17.01.2011 - 12:37
Denis Silva: Çempion olmaq üçün bütün səylərimizi ortaya qoyacağıq
"Təlim-məşq toplanışımız olduqca yüksək tempdə davam edir. Mən belə tempdə çalışmağı sevirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Denis Silva deyib.

Braziliyalı müdafiəçi komandasının rəsmi internet saytına açıqlamasında Türkiyədə keçirilən təlim-məşq toplanışı haqda fikirlərini bildirib: “Bütün hazırlıqlarımız Premyer Liqanı qalib kimi başa vurmağa hesablanıb. Türkiyədəki ikinci təlim-toplanışında bir neçə hazırlıq görüşündə qüvvəmizi sınayacağıq. Bu bizim zəif və üstün tərəflərimizi görməyə imkan verəcək”.

Silva vaxtilə şərəfini qoruduğu “Xəzər Lənkəran”la oyun haqda da fikirlərini açıqlayıb: Fevralın 13-də "Xəzər Lənkəran"la keçirəcəyimiz ev oyununda meydana yalnız 3 xalı qazanmaq üçün çıxacağıq. O görüşün vacibliyini yaxşı dərk edirik. Hətta deyərdim ki, həmin matç 3 yox, 6 xallıq oyundur. Mən də bir müdafiəçi kimi öz üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam. Biz ancaq irəliyə baxırıq. "Neftçi"nin çempion olması üçün komanda şəklində bütün səylərimizi ortaya qoyacağıq".