Rəşad “Fənərbaxça”nın düşərgəsində oldu, məsləhətlər aldı
18.01.2011 - 11:11
Rəşad “Fənərbaxça”nın düşərgəsində oldu, məsləhətlər aldı
“Neftçi”nin futbolçusu Rəşad Abdullayev Türkiyənin “Fənərbaxça” klubunun düşərgəsində olub. Rəşad apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında zədəsini “Fənər”in həkiminə göstərdiyini bildirib. Türkiyədəki hazırlığın ilk mərhələsində məşqdə daban nahiyəsindən xəsarət alan təcrübəli yarımmüdafiəçinin hazırlıqda iştirakında problem yaranıb: “Türkiyəli məşqçimiz Mehmet Ak məni “Fənərbaxça”nın həkiminin yanına apardı. O, məni müayinə edərək, məsləhətlərini verdi. Dedi ki, ayağına su yığılıb və çox yüklənmə olarsa, bu, çata çevrilə bilər. Onlar belə zədəli futbolçularına istirahət verirlər. Mənə də bunu tövsiyə etdi. Dedi ki, məşqə çıxmağa tələsmə, onsuz da çempionatınızın başlanmağına hələ çox var. Mənə bir müddət məşqlərdən kənarda qalıb, trenajor zalında, hovuzda çalışmağı məsləhət gördü. Çünki sağalmamış məşq etsəm, sonradan fəsadları daha pis ola bilər. Sabah yenidən onun yanına gedəcəyəm. Bakıya qayıdandan sonra isə ayağımı rentgen müayinəsindən keçirəcəyəm”.

Mehman SÜLEYMANOV