Xaqani Məmmədov: “Gəncə” daha çox pul verirdi
22.01.2011 - 00:09
Xaqani Məmmədov: “Gəncə” daha çox pul verirdi
“Hazırda “Simurq”un düşərgəsindəyəm. Müqavilə bağlamamışıq, amma 90 faiz razılıq əldə olunub”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun transferə çıxardığı futbolçusu Xaqani Məmmədov deyib.

Unibank Premyer Liqasında fasiləsində baş məşqçi Mirça Rednik tərəfindən bəyənilməyərək transferə çıxarılan hücumçunun xidmətində başqa klublar maraqlı olsa da, Məmmədov “Simurq”u seçib. Artıq komandanın məşqlərinə qatılan Xaqani seçiminin səbəbini belə izah edib: “Gənc komandadır. Baş məşqçi Qyoko Hacıyevskiyə görə, bu klubu seçdim. Məqsədimiz təcrübəmizdən gənclərin düzgün inkişaf etməsi yolunda istifadə etməkdir. Məşqlərdə iştirak edirəm. Daha doğrusu, fərqi şəkildə qaçıram. Təxminən 10 gündən sonra kollektiv məşqlərdə iştirak edəcəm. Ayağımda ağrılar var”.

Bir ara “Gəncə” ilə də danışıqlar aparan futbolçu sən demə “Simurq”da daha az məbləğə oynayacaq: “Gəncə” ilə danışıqlar apardım. Onu da deyim ki, “Simurq”da onların təklif etdiyi məbləğdən də aşağı alacam. Sadəcə, Hacıyevskiyə görə, bu komandanı seçdim”.