“Qabağımı çox kəsirdilər, futbola getməyə qoymurdular”
25.01.2011 - 10:09
“Qabağımı çox kəsirdilər, futbola getməyə qoymurdular”
Bakının “Neftçi” klubunun və Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- “Neftçi”nin Antalyadakı ilk hazırlıq mərhələsini necə dəyərləndirərsiniz?
- 10 günlük təlim-məşq toplanışında hər şey yüksək səviyyədə keçdi. Düzdür, məşqlərimiz ağır idi. Ancaq buna dözərək, yaxşı hazırlaşmağa çalışırıq. Əlbəttə, bütün bunların yeganə məqsədi mövsümün 2-ci yarısına, “altılıq” oyunlarına yaxşı hazırlaşmaqdır. İnşallah, zəhmətimiz hədər getməz və həm çempionluq, həm də kubok qazanmaq istəyirik.

- İlk toplanışda daha çox fiziki hazırlığa diqqət yetirdiniz və bunu komandaya yeni gələn türkiyəli məşqçi Mehmet Ak keçirdi. Onun məşqləri əvvəlki fiziki çalışdırıcınız, italiyalı Covanni Melkiorredən fərqlənirmi?
- Hər məşqçinin öz iş üslubu var. Akı “Qarabağ”da işlədiyi vaxtdan tanıyırıq. Məşqlərindən görünür ki, yaxşı mütəxəssisdir, çalışqan, işini biləndir. Əlbəttə, o, yaxşı inkişafımız üçün əlindən gələni edir. Yəqin ki, biz də oyunlarda onun məşqlərinin bəhrəsini görər, əziyyətini yerdə qoymarıq. Oyunlarda hamısı görünəcək.

- İstirahətdən sonra 10 gün ağır məşqləriniz oldu. Yorğunluq hiss edirsinizmi?
- Təlim-məşq toplanışının axırı istər fiziki, istərsə də psixoloji baxımdan həmişə çətin olur. Ancaq neyləyək, işimiz budur, dözməliyik. Peşəkar futbol həyatı qısa olduğundan, gərək bunların hamısını başa düşək. Məşqlərdə var-gücümüzlə çalışırıq ki, oyunda bunun bəhrəsini görək. Qış hazırlığını yaxşı başa vurmaq istəyirik.

- Yoxlama oyunlarında qazanılan nəticə bir futbolçu kimi sizə çoxmu təsir edir, yoxsa?
- Əlbəttə, hər bir futbolçu məğlubiyyəti heç vaxt istəmir. Mən də eləyəm. Ancaq baş məşqçi yoxlama oyunlarında hamıya şans vermək, hamı özünü göstərmək istəyir. Məncə, yoxlama oyunlarında nəticə elə də önəmli deyil. Əsas futbolçuların hazırlığının göz qabağında olmasıdır.

- Qarşıda “Xəzər Lənkəran”la “Böyük oyun” gəlir. Fevralın 13-də qəbul edəcəyiniz rəqib qış fasiləsində heyətində böyük dəyişiklik edib, yoxlama oyunlarında məğlubiyyəti sıralayır. Bu görüşdən nə gözləmək olar?
- Əlbəttə, doğma meydançada oynamağımız bizə əlavə üstünlük verir. Azarkeşlərimizin də bizə dəstəyi böyük stimuldur. Lənkərandakı oyunda məğlubiyyətin revanşını almağa çalışacağıq. Həmin görüşdə sonda qapımızda qol gördük. Əsas rəqiblərimizdən olan “Xəzər Lənkəran”a evdə qalib gəlib, “altılığ”a daha yaxşı xal ehtiyatı ilə girmək istəyirik.

- İndidən azarkeşlərə nə söz verə bilərsiniz?
- Gəlin, açıq danışaq. Mən indidən çox şey danışa bilərəm. Ancaq hər şeyi zaman göstərəcək. Futbolçularımızla birgə bu il bir məqsədimiz var – “qızıl dubl” etmək. Hər şey Allahın əlindədir. Qismət olarsa, həm çempionluq, həm də kuboku qazanarıq. Əlbəttə, bizdən də çox şey asılıdır. Azarkeşlərimizi “Neftçi” ilə “Xəzər Lənkəran” arasında maraqlı oyunda stadionu doldurmağa səsləyirəm.

- Alessandro Vyana da Silvanın zədələnməsindən sonra baş məşqçiniz Arif Əsədov sizi müdafiənin sol cinahında sınayır. Deyəsən, braziliyalının yoxluğunda həmin mövqedə oynayacaqsınız. Bura sizin üçün yad, narahat deyil? Yoxsa ən yaxşı mövqe kimi oynadığınız mərkəz müdafiəçini sayırsınız?
- Əlbəttə, mənim üçün ən yaxşı mövqe mərkəz müdafiəçisidir. Bu, sözsüzdür. Müdafiənin solunda müəyyən çətinliklər olur və özüm də bunu hiss edirəm. Ancaq komanda belə vəziyyətdədirsə, mən əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Bu, mənim borcumdur.

- Niyə çətinlik olur? Sol cinahda hansı mənfi xüsusiyyətinizi qeyd edə bilərsiniz?
- Bir müddət orada oynasam, buna öyrəşəcəyəm. Hər bir mövqenin necə deyərlər, bicliyi var. Sol cinahda bir müddət oynayıb, onun öz xüsusiyyətlərini götürsəm, heç bir çətinlik olmaz. Ancaq əlbəttə, doğma mövqeyimdə özümü daha rahat hiss edirəm.

- Sizin mərkəz müdafiəçisi kimi oyununuz daha yaxşı alınsa da, yığmada dayaq yarımmüdafiəçisi mövqeyində sınanırsınız. İndi də klubunuzda mövqeyinizi məcburiyyətdən dəyişməli olacaqsınız. Düzdür, futbolçu hər yerdə oynamalı olsa da, hər halda, mövqe dəyişikliyi nəticəsində narahatçılıq olur...
- Əlbəttə. Düzdür, öz mövqeyimdə oyunum daha yaxşı alındığı halda, başqa yerlərdə oynamalı oluram. Millidə baş məşqçi Berti Foqts söhbətimiz olub. O, müsbət cəhətlərimi deyərək, məni dayaq yarımmüdafiəçisi mövqeyində sınayır. Foqtsun sözlərinə görə, mərkəz müdafiəçisi kimi yaxşı olsam da, dayaq yarımmüdafiəçisi kimi dəqiq ötürmələrlə hücumları yaxşı başlayıram. O, bu cəhətimi nəzərə alaraq, mövqeyimi dəyişib. Belə alındı və meydanda məni qoyduqları yerdə ən yaxşı oyunumu göstərməliyəm.

- Yeri gəlmişkən, millidə debütdə məhz müdafiənin sol cinahında oynadınız. Bu, Finlandiya yığması ilə Lənkərandakı görüş idi. Həmin mövqedə oyununuz yaxşı alınmadığınızdan, artıq fasilədə əvəzləndiniz...
- Yığma ilə klub səviyyəsində oyunlar bir-birindən fərqlənir. Həmin vaxt yığmada debütüm idi. Ancaq Allahın köməyi ilə yavaş-yavaş oyunum yaxşı alınır. Əsədovla söhbətimiz oldu. O dedi ki, elə bilmə ki həmişəlik sol cinahda oynayacaqsan, sonradan öz yerinə qayıdacaqsan. Əlbəttə, baş məşqçi harada məsləhət biləcəksə, orada oynayacağam.

- Əvvəlki illərlə müqayisədə çempionatımızın səviyyəsi, azarkeşlərin marağı artıb?
- Qısaca belə deyim ki, ildən-ilə inkişaf var, ancaq görüləsi işlər hələ çoxdur.

- Sizcə, Türkiyə üzərində qələbəmiz Belçika ilə oyundan başlayaraq, gələcəkdə rəsmi oyunlarımızda qələbə üçün stimul ola bilərmi? Yoxsa Türkiyə ilə görüşdə qazanılan uğuru daha çox əzmkarlıq hesabına əldə etdiyimizi düşürsünüz?
- Gəlin belə danışaq ki, millimiz indiki vəziyyətdə ev oyunlarında doğrudan çox yaxşı təsir bağışlayır. Bunu hamımız görürük ki, yığmamız əvvəl ilə müqayisədə çox inkişaf edib. İndi heyətdə çoxlu gənclər var, bunlar göz qabağındadır. Ancaq səfər oyunlarında rəqibdən açıq-aşkar zəif görünürük. Bu da onunla bağlıdır ki, nə qədər desən də, Azərbaycanla Avropa futbolunun səviyyəsi heç uyğun gəlmir. Gedib, həmin səviyyəni görəndə hamımız şoka düşürük ki, bura haradır, biz harada oynayırıq. Yəni elə böyük səviyyə fərqi yaranır. Bu da səfər oyunlarında açıq-aşkar özünü göstərir. Mən Azərbaycan səviyyəsində yaxşı futbolçu ola bilərəm, ancaq stadion, baza, azarkeş məsələlərində inkişafımız olmayacaqsa, ölkədən kənardakı səviyyədən geri qalacağam.

- Yığmamızın qrupda tutacağı yerlə bağlı müxtəlif ehtimallar irəli sürülür. Siz bu haqda nə fikirləşirsiniz?
- Xalı deyə bilmərəm. Ancaq bir şeyə yüz faiz əminəm ki, biz evdə çox yığmaları büdrədəcəyik. Bu il oyunlarımızın böyük əksəriyyətini evdə keçirəcəyik. Ancaq səfərdə işimiz çətin olur. Nə qədər əzmkarlıq, müdafiə futbolu oynaya, yaxud 1 qol vura bilərsən... Bunu Avstriya, Almaniya ilə səfər oyunlarında gördük.

- Neçənci pilləni tutacağımızı düşünürsünüz?
- İnşallah, bundan yaxşısının olmasını arzulayıram. Məncə, bu il millimiz futbol tarixində ən yaxşı nəticəsinə imza atacaq. Biz bunun üçün meydanda mübarizə aparacağıq.

- Çempionatımızda bu vaxta kimi hansı komandanın oyunu diqqətinizi daha çox cəlb etdi?
- Çempionatımızda ən çox simpatiya bəslədiyim komanda “Muğan”dır. Çünki onların oyun üslubları yaxşı olduğundan, xoşuma gəlir və yaxşı meydançada oynasalar, daha çox xal yığarlar. Təsadüfi deyil ki, “Muğan”ın evdə yalnız bir məğlubiyyəti var, onda da bizə uduzublar.

- “Altılığ”a düşməyə 7 komanda real mübarizə aparır və sonda 1-i kənarda qalacaq. Sizcə, kim?
- “Bakı” və “Qəbələ” arasında seçim edirəm. Məncə, “Qəbələ” kənarda qalacaq.

- Bunlardan hansı ilə “altılıq”da oynamağı maraqlı sayırsınız?
- “Qəbələ”də klubla bağlı böyük işlər görülür. Ancaq mən “Bakı”nın “altılıq”da olmasını istərdim. Biz onlara 2-ci dövrədə uduzduğumuzdan, revanşımız qalıb.

- Komanda yoldaşınız Amit Quluzadə saytımıza müsahibəsində belə fikir söylədi ki, Ruslan Abışov çoxdan xarici kluba getməli idi. Siz bu il qarşınıza bunu məqsəd qoymusunuz?
- Əlbəttə, ölkədən kənarda oynamaq uşaqlıq arzumdur. Düzdür, təkliflər oldu, şanslar vardı. Bunlar yüz faizli idi, heç bir reklam deyildi, konkret faksla təsdiqlənmişdi. Allahın köməyi ilə bu “Neftçi”də işimizi tamamlayıb, çempion olub, kuboku qazandıqdan sonra xaricə getmək haqda rahat düşünə bilərəm. İnşallah, vaxt hər şeyi göstərəcək.

- Çempion “Neftçi”də Avropada oynamağı üstün tutarsınız, yoxsa Avropanın ortabab klubunda?
- Mən Avstriya, Belçika çempionatında oynamağa razı olaram. Ora böyük klublara keçmək üçün tramplindir. Çünki daim menecerlərin diqqət mərkəzindədir. Gedib, orada özünü yaxşı göstərə bilsən, onların diqqətini cəlb edəcəyəm. Bu, şansdır və heç bir futbolçu birdən-birə super kluba transfer olmur ki...Bütün təcrübələr bunu göstərir. Hər futbolçu kiçik klublarda başlayaraq, tədricən güclü komandalara düşür.

- Özünü təxminən neçə ildən sonra böyük klublarda oynamağa hazır görürsünüz?
- Artıq bu, düşdüyün mühitə bağlıdır. Bundan çox şey asılıdır. Baxır hansı çempionata düşürsən, kimlərlə oynayırsan. Futbolda bəxt amili böyük rol oynayır.

- Sizin üçün hansı çempionat münasib olardı?
- Reallıqla danışsaq, zəif yox, ortabab çempionatlar. Misal üçün Avstriya, Hollandiya, Belçika klubları. Lap Almaniyanın 1-ci liqası ola bilər.

- Elə kluba getmək lazımdır ki, reklam olunub, sonda ehtiyatda oturmağa yox, oynamağa gedəsən...
- Ay sağ ol. Futbol həyatı bitirəndən sonra çönüb, arxaya baxanda, sıradan oyunçu olmaq istəmirəm. Məqsədim budur. Azərbaycanda necədir, futbolçu bir müddət oynayıb, qurtarandan sonra yaddan çıxır. Elə bil ki, belə bir insan olmayıb. Ancaq mən elə olmaq istəmirəm. İstəyirəm ki, yaxşı futbolçu olum, Azərbaycandan kənara çıxıb, xaricdə 1-2 yox, neçə illər oynayım. Mənim futbol xəyallarım belədir.

- Sizi tanıyanlar sadə, təvazökar insan olduğunu bilirlər. Nəyə əsasən bu xarakterə maliksiniz?
- Uşaqlıda çox çətinliklər görmüşəm, varlı yox, orta təbəqəli ailədə böyümüşəm. Məncə, hər şey insanın öz xarakterindən asılıdır. İstəyirsən milyonların olsan, əvvəldən həyata necə başlamısansa, sona kimi elə olmalısan. Hər şeyi qazana bilərsən, ancaq xarakterini yox.

- Doğrudanmı sabah böyük klublarda oynayan Ruslan Abışov yenə bu xüsusiyyətlərə sahib olacaq? Buna əminsiniz?
- Əlbəttə. Mən bir şey başa düşə bilmirəm ki, həmişə oturub, durduğun, görüşdüyün insana kimi qarşı münasibətin birdən necə dəyişə bilər? Nə qədər böyük klubda oynasam, insan olsam da, yaxınıma, dostuma, qohumuna necə yuxarıdan aşağı baxa bilərəm? Belə şey ola bilməz.

- Futbola başladığınız vaxtda vəziyyət çətin, belə diqqət yox idi. Evdəkilərdən kim futbola getməyinizə maneə olurdu?
- 7 yaşımdan futbol oynamışam. İlk illər doğrudan da çətin oldu. Qabağımı çox kəsirdilər, futbola qoymurdular. Əsas anam maneə olurdu. Ancaq qardaşım Sərxan mənə çox dəstək verirdi. Onun futbolçu olmağımda böyük rolu var. Qardaşım deyirdi ki, bu, oxumayacaq, futbolçu olacaq. Anaq əlbəttə, hər şey Allahın yazısıdır, qismətidir. Çox şükür ki, mən elə bu yolu seçdim.

- İndi yaxşı pul qazanırsınız. Elə olurmu ki, anan “aya bala, nə yaxşı ki bu yolu seçdin, mən səni oxumağa qoymaqla səhv edərdin” deyir?
- Əlbəttə. Bir iş yaxşı alınırsa, kim başqa şeylə məşğul olmağını istəyər?

- Buna görə sizə minnətdarlıq edirlər?
- Əlbəttə, hər şey valideynlərimin zəhmətinin nəticəsidir. Çünki mənim yol pulumu, yeməyimi, içməyimi, paltarımı – hər şeyi ailəm təmin edirdi. Allah qismət etsə, ölənə kimi onlara baxmağa borcluyam.

- Uşaqlığınızda elə vaxt olub ki, yol pulunuz olmadığından piyada getmisiniz, yaxud avtobusda dal qapıdan düşüb, qaçmısınız?
- Çox olub. Kiməsə deməmişəm ki, pulu ver. Pulum olmayanda çox vaxt uzaq yolu piyada getmişəm. Ən pis halda, avtobusdan düşüb, qaçmışam.

- Saytımızda sizinlə bağlı xəbərlər, müsahibələr çoxlu sayda oxunur və buna diqqət yetirmişik. Doğrudanmı internet dünyasında pərəstişkarlarınız belə çoxdur?
- Özüm də bu suala cavab verməkdə çətinlik çəkirəm. Həqiqətən də internet əlimə alan kimi, birinci ən çox oxuduğum sayt apasport.az-dır.

- Bəlkə xarici görünüşünüz diqqəti çəkəndir? Hər halda, Röya kimi tanınmış müğənnimiz sizi bəyəndiyini deyib...
- Nə deyim...Kim mənimlə bağlı yazıları oxuyursa, bunu hamısını bir-bir tapıb, araşdıra bilmərəm. Oxuyurlar, Allah canlarını sağ etsin. Oxumağa davam etsinlər.

- Xarici görünüşünüz həyatda sizə kömək olur, yoxsa problem yaradır?
- Dünya futboluna nəzər salsaq, oyunçu normal insandan saç düzümünə, geyiminə, səliqəsinə görə seçilməli, bir sözlə, özünə fikir verməlidir. Azərbaycandan fərqli beynəlxalq miqyasda futbolçuları çox tanıyırlar. Ona görə də mən bacardığım qədər, imkanım daxilimdə dediyim şeylərə fikir verirəm.

- Geyim alarkən, əsasən nəyə üstünlük verirsiniz?
- Bijuteriya ilə heç aram yoxdur. Mağazaya girəndə gözümü nə tutursa, xoşum gəlirsə, onu alıram. Təbii ki, çox bahalını yox. Hər şey imkan daxilində, qiymət münasibdirsə, alıram.

- BMV markalı sadə avtomobil sürürsünüz. Avtomobilinizin markanızı dəyişməməyinizin səbəbi nədir?
- Açığı, heç vaxt maşına fikir vermək həvəsində olmamışam. O, elə bir şeydir ki, məni istədiyim yerə aparıb, çatdırsın. Şükür Allaha, maşınım normaldır, istədiyim yerə gedə bilirəm. Qismət olarsa, dəyişərəm. Bu il başqa planlarım da var.

- Yaxında ailə həyatı qurmağı planlaşdırırsınız?
- Yox. Fikirləşirəm ki, ailə qurmağa hələ ən azı 4-5 il var. Həyatda istədiyim şeyləri əldən edəndən, yüz ölçüb, bir biçəndən sonra ailə qurmaq fikrindəyəm. Tez-tələsik bunu etmək istəmirəm. Futbol həyatı elədir ki, hər gün bir yerdəsən, bu da ailəyə çox çətin olur.

- İnternetlə tanışlığa necə baxırsınız?
- Azərbaycan mentalitetində belə şeylərə çox da yaxşı baxmırlar. Ancaq heç kim heç kimin həyatına qarışa bilməz. Əlbəttə, ailə qurduğun insanın keçmişinlə maraqlanmalısan. Tanışlıq normaldır, ancaq keçmişinə baxıb, araşdırmalı və bundan sonra ailə qurmalıdır.

Mehman SÜLEYMANOV