“Neftçi”nin sabiq qapıçısı Ukrayna yığmasında
29.01.2011 - 15:30
“Neftçi”nin sabiq qapıçısı Ukrayna yığmasında
Ukrayna milli komandasının baş məşqçisi Yuri Kalitvintsevin köməkçilərindən biri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, buna qapıçılarla işləyən mütəxəssis məşhur Sergey Krakovskinin Rusiyanın “Rostov” klubuna keçidi səbəb olub. Vaxtilə “Dnepr”də komanda yoldaşı olduğu Oleq Protasovun baş məşqçisi olduğu kluba keçən Krakovskini isə Mixail Mixaylov əvəzləyəcək.

52 yaşlı mütəxəssis həm yığma, həm də klubda çalışacaq. Belə ki, Mixaylov 2009-cu ildən Kiyev “Dinamo”sunda da qapıçılarla işləyən məşqçidir. Onun üçün yığma da yeni vəzifə deyil. Belə ki, 1993-2006-cı illərdə də “Dinamo”da eyni vəzifəni tutan mütəxəssis 5 il əvvəl yığma naminə klubdan ayrılmışdı. Mixaylov 2007-09-cu illərdə də Ukrayna yığmasının əlcək sahibləri ilə çalışıb.

Qeyd edək ki, Mixaylov “Neftçi”də 1988-ci ildə SSRİ çempionatının güclülər dəstəsində 24 oyun keçirib və 37 qol buraxıb. Elə həmin uğursuz mövsümdə də bakılılar aşağı dəstəyə yuvarlanıblar.