“Məqsədimiz çempionatın qalan hissəsinə tam hazır olmaqdır”
31.01.2011 - 09:39
“Məqsədimiz çempionatın qalan hissəsinə tam hazır olmaqdır”
“İlk təlim-məşq toplanışından fərqli olaraq, ikinci hazırlıq mərhələsində əsasən oyunlarda qüvvəmizi sınayırıq. Çoxlu toplu çalışmalar edirik. Məqsədimiz çempionatın qalan hissəsinə tam hazır olmaqdır. Zədəm yavaş-yavaş sağalır. Yüngül zədələnsəm də, bir az vaxt itirdim. Hazırda formaya düşməyim üçün fiziki güc yığıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” komandasının futbolçusu Rəşad Abdullayev klubun rəsmi saytına müsahibəsində deyib.

Antalyada keçirilən təlim-məşq toplanışı barədə danışan təcrübəli yarımmüdafiəçi hər şeyin qaydasında olduğunu bildirib: “Çox yaxşı haldır ki, keçirdiyimiz hər 2 yoxlama matçında qalib gəlmişik. Ukrayna “Arsenal”ı ilə müqayisədə, “Şturm” adlı-sanlı rəqib idi. Buna baxmayaraq, istədiyimiz futbolu oynadıq, 2 erkən qol vurub, inamlı qələbə qazandıq. İkinci oyunda hiss etdim ki, tam oynaya bilərəm. Yoxlama görüşlərində nəticə əsas deyil. Ən vacibi odur ki, belə qarşılaşmalarda səhvləri görüb, onların üzərində işləyəsən. Bilirsiniz ki, mənimlə eyni cinahda çıxış edən Rail Məlikov son iki yoxlama matçında iştirak etməyib. Təbii ki, belə təcrübəli müdafiəçinin, kapitanının olmaması hiss olunur. Ancaq onu əvəzləyən Ruslan Əmircanov pis təsir bağışlamır. Onunla da oyunumuz yaxşı alınır. Oyunu konkret hansısa futbolçunun üzərində qurmaq istəmirik. Çünki çempionatın gedişində həmin oyunçu zədələnə və ya cəzalandırıla bilər. Elə etməliyik ki, komandada kiminsə yoxluğu hiss olunmasın. Bu dəfəki təlim-məşq toplanışında daha çox cavan oyunçu iştirak edir. Biz də təcrübəli futbolçu kimi onlara əlimizdən gələn köməyi əsirgəmirik”.

Abdullayev onu da vurğulayıb ki, qış fasiləsindən sonra Premyer Liqaya qələbə ilə başlamaq vacibdir: “Xəzər-Lənkəran”la oyun çox əhəmiyyətli qarşılaşmadır. Hamımız bu oyuna 100 faiz köklənməliyik. Qalib gələcəyimiz təqdirdə, irəliyə doğru böyük addım atarıq. Həm xal ehtiyatımızı artırarıq, həm də “altılığ”a rahat yollanarıq. Düzdür, qarşıda bizi uzun marafon - “altılıq” oyunları gözləyir. Ancaq hesab edirəm ki, “Xəzər-Lənkəran” üzərində qələbə bizə çempionluq yolunda təkan verəcək”.

Mənbə: neftchifc.com