Transfer nağıllarına son
01.02.2011 - 15:17
Transfer nağıllarına son
Artıq Avropada “transfer pəncərəsi” sona çatıb. Apasport.az saytının məlumatına görə, qitənin əksər ölkələrində klublar heyətinə futbolçu qatmaq üçün ən azı yayı gözləməli olacaq. Bu isə o deməkdir ki, həmin komandalar bu həftə keçirəcəkləri qarşılaşmalarda güvənəcəyi heyətlə mövsümü başa vurmalıdırlar.

Yeri gəlmişkən, bu həftə Avropada keçiriləcək oyunlardan ikisinə toxunmaq lazımdır. Təbii ki, İngiltərə Premyer Liqasında sabah baş tutacaq “Arsenal” – “Everton” görüşünə maraq böyükdür. Fevralın 5-də Türkiyə Superliqasında baş tutacaq “Manisaspor” – “Fənərbaxça” matçı da Azərbaycanda az maraq doğurmur. Həm qonaq komandanın ölkəmizdə kifayət qədər sevilməsi, həm də onların rəqiblərinin fanatlarının çoxluğu bu oyuna diqqətin olacağından xəbər verir.

Lakin qeyd etdiyimiz bu 2 matça Azərbaycanda daha çox maraq olacağı gözlənilirdi. Çünki neçə vaxtdır ki, ölkəmizdə gəzən xəbərlər bu görüşlərdə həmyerlilərimizin meydana çıxacağına ümid etməyə əsas verirdi. Söhbət Araz Abdullayevin “Arsenal”a, Amit Quluzadənin isə “Manisaspor”a qarşı oynayacağı ilə bağlı xəyallardan gedir. Çünki onların müvafiq olaraq, “Everton” və “Fənərbaxça”ya keçidi haqda o qədər yazılmışdı ki, ən realist adamlar da “nağıl”a inanmışdılar.

Təbii ki, bu nağıllara inananlar onların Vaqif Cavadovun “Tvente” aqibətini gözləyəcəyini də dərk edirdilər. Amma bu transfer nağılları o qədər şirin idi ki - lap yuxu kimi...

Əgər ölkəmizin ən yaxşı futbolçusu Rəşad Sadıqov “Əskişəhərspor”da, Berti Foqtsun milli komandada ən çox güvəndiyi Mahir Şükürov “Anji”də oynayırsa, deməli hələlik bizim üçün maksimum hədd var.

Deməli, “Everton”la “Fənərbaxça” hələ bizim futbolçular üçün yalnız nağıllarda mövcuddur. Amma artıq bu nağıllar da yoxdur. Ən azı qış “transfer pəncərəsi”nin nağılları yaya qədər səngidi. Təbii ki, cənubi amerikalıların çəkdiyi seriallardan ruhlanan nağıl həvəskarları bunun növbəti seriyalarını da bizlərə nümayiş etdirə bilər.

Bədbinliyə qapılmayıb nağılların gerçəyə çevriləcəyi günü də gözləməyə dəyər. Bunun üçün həm Amit, həm də Araz ilk növbədə “Neftçi”nin, ardınca yığmanın əsas heyətinə düşməyi bacarmalıdır.

Qeyd edək ki, Azərbaycan milli komandası 2010-cu ildə 10 oyun keçirib. Araz bu matçların 1-də, cəmi 5 dəqiqə oynayıb. Amit isə 3 matçda 164 dəqiqə forma geyinib. Ölkə çempionatında da onların “Neftçi”də aparıcı oyunçu olduğunu demək olmaz.

Komandanın 2010/11 mövsümünün arxada qalan hissəsində keçirdiyi 19 matçda, yəni 1710 dəqiqə ərzində Araz 11 oyun və 538 dəqiqə meydanda olub. Amitdə isə bu rəqəmlər daha aşağıdır: 6 oyuna 209 dəqiqə.