Rəşad Sadıqov “Əskişəhərspor”da məşqə çıxdı
10.02.2011 - 17:26
Rəşad Sadıqov “Əskişəhərspor”da məşqə çıxdı
“Qarabağ”a qayıdacağı gözlənilən Azərbaycan millisinin futbolçusu Rəşad Sadıqov bu gün “Əskişəhərspor”un heyətində məşqə çıxıb. Bu haqda lent.az-a 29 yaşlı müdafiəçinin özü məlumat verib.

Onun sözlərinə görə, “Qarabağ”la müqavilə bağlayıb-bağlamayacağı hələ bilinmir. O, hər şeyə yaxın saatlarda klub prezidenti Halil Ünalla keçirəcəyi görüşdən sonra aydınlıq gələcəyini açıqlayıb. Hazırda Əskişəhirdə olan “Qarabağ” rəsmilərinin də görüşdə iştirakı gözlənilir.

Sadıqov “Qarabağ” və “Əskişəhərspor” arasında anlaşmanın əldə olunmasından danışmağın tez olduğunu bildirib: “Bu gün başqa proseslər gedir. Hələ məsələ həll olunmayıb. Ola bilər ki, bu günkü görüşdə həllini tapsın və ya sabaha qalsın. Yaxud da heç həllini tapmasın və mən burda qalım. Hər halda vaxt daralır. Azərbaycanda isə qış “transfer pəncərəsi”nin bağlanmasına cəmi bir gün vaxt qalıb”.

“Bəs hansı klubda çıxış etmək istəyirsiniz və Azərbaycana qayıdışınız geriyə addım olmayacaqmı” sualını isə Sadıqov belə cavablandırıb: “Məgər mən Azərbaycana qayıtmışam ki, bunun karyerama necə təsir etdiyini söyləyim? Hansı klubda çıxış etmək istədiyimə gəlincə, bu barədə öz fikrim var. Onu da danışıqlar başa çatdıqdan sonra açıqlayacağam”.

Qeyd edək ki, Rəşad Sadıqov ötən ilin yayında “Eskişehirspor”la 2 illik müqavilə bağlayıb.