Milli komandamız Bakıya baş məşqçisiz və kapitansız qayıtdı
10.02.2011 - 22:20
Milli komandamız Bakıya baş məşqçisiz və kapitansız qayıtdı
Bu gün Azərbaycan milli komandası vətənə qayıdıb. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, yanvarın 27-dən burada təlim-məşq toplanışında olan millilərimiz 2 həftəlik fasilədən sonra Bakıya dönüblər. Ancaq onlar arasında almaniyalı baş məşqçi Berti Foqtsla kapitan Rəşad Sadıqov olmayıb.

Dubaya ezam olunmuş azərbaycanlı jurnalistlər oradakı beynəlxalq hava limanında yığmamızla qarşılaşdığı zamanı gözlər Rəşadı axtarırdı. Axı ən yaxşı futbolçumuzun Türkiyənin “Əskişəhərspor” klubunda ayrılaraq, “Qarabağ”a qayıdacağı gözlənilir. Ancaq hava limanına futbolçulardan yalnız Sadıqov vətənə dönənlər arasında olmadığını gördük. Məlum oldu ki, kapitan millimizdən öncə Birləşmiş Ərəb Əmirliklərini tərk edərək, Türkiyəyə yollanıb. “Əskişəhərspor” rəhbərliyi ilə danışıqlara yollanan Rəşad “Qarabağ”a dönüşünün həllini ölkəmizdə “transfer pəncərəsi” bağlanmasına qədər çatdırmağa çalışır.

Ölkədən kənarda çıxış edən digər futbolçumuz Mahir Şükürov isə komanda ilə birgə Bakıya qayıtdı. O, vətənindən oynadığı Rusiyanın “Anji” klubunun sıralarına yollanacaq. Yeri gəlmişkən, Mahirə yaxınlaşıb, Macarıstan yığmasına 0:2 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşü haqda fikirlərini öyrənmək istəsək də, danışmaq istəmədi.

Foqts isə köməkçiləri olan həmyerliləri ilə birgə növbəti dəfə birbaşa vətənlərinə yollandılar. O, martın 9-da ölkəmizə qayıdaraq, millini bir araya gətirəcək.

Mehman SÜLEYMANOV