Kimdir güclü: “Şəmkir”, “İnter”, yoxsa “Neftçi”?
22.02.2011 - 16:19
Kimdir güclü: “Şəmkir”, “İnter”, yoxsa “Neftçi”?
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinin sonuna cəmi 1 tur qalıb. 21 oyundan sonra müvafiq olaraq, 45 və 44 xala malik “Neftçi” ilə “Xəzər Lənkəran” ilk pillələri zəbt ediblər. Elə ilk mərhələnin qalibi də bu 2 komandadan biri olacaq. Maraqlıdır, əzəli rəqiblərin nail olduğu nəticələr nə dərəcədə yaxşıdır?

Apasport.az saytı liderlərin xal sayını əvvəlki çempionatlarla müqayisə etməklə, kimin kim olduğuna aydınlıq gətirib. Təbii ki, söhbət indi olduğu kimi, 12 komandanın mübarizə apardığı yarışlardan gedir.

Tarixə nəzər salsaq, indiyədək yalnız 3 dəfə mübarizə 12 komanda arasında gedib. Bu, 1999/2000 mövsümündə, həmçinin 2001/02 və 2009/10 mövsümlərinin ilk mərhələsində baş verib.

Qeyd etdiyimiz 3 halda 12 komanda 22 oyun keçirib. O ayrı məsələ ki, bunların ikisində komandalar final mərhələsində də qüvvəsini sınayıblar. Üstəlik, 2001/02 mövsümünün 2-ci mərhələsi yarımçıq dayandırılıb.

Lakin onu da qeyd etməliyik ki, başqa vaxtlar da 12 komandanın mübarizəyə başladığı hallar olub. Lakin sonradan iştirakçılardan biri mübarizəni dayandırıb və nəticələri ləğv olunub.

1999/2000 mövsümündə keçirdiyi 22 oyuna 55 xal toplayan “Şəmkir” tarixinin ilk çempionluğuna qovuşmuşdu. Ağasəlim Mircavadovun yetirmələrinin həmin möhtəşəm nəticəsi cari mövsüm üçün fantastik görünür. Mütəxəssisin sonradan çalışdırdığı komandalar “Neftçi” və “Xəzər Lənkəran” son turda qalib gəlsələr belə, “55” ala bilməyəcəklər.

2001/02 mövsümünün ilkin mərhələsini zirvədə tamamlayan da məhz “Şəmkir” olmuşdu. Artıq Qəhrəman Əliyevin başçılıq etdiyi komanda 50 xalla final mərhələsinə vəsiqə qazanmışdı. Elə ötən mövsümün çempionu da pis nəticə göstərməmişdi. “İnter” 22 turdan sonra sahib olduğu zirvəni 49 xalla ələ keçirmişdi.

Göründüyü kimi, cari mövsüm 1-ci mərhələnin çempionu ən yaxşı halda 48 xal toplayacaq. Bu isə “Şəmkir”in 2, “İnter”in isə 1 göstəricindən aşağı nəticədir. Maraqlıdır ki, əvvəlki 3 halda 2-ci olan komandaların hamısının eyni – 44 xalı olub.
0