Aqil Nəbiyev: Nə belə futbolçu, nə də rəhbərliyimiz var
25.02.2011 - 00:05
Aqil Nəbiyev: Nə belə futbolçu, nə də rəhbərliyimiz var
“Bizə üç xal lazımdır. Çempionluq uğrunda mübarizə aparırıq. Birinci işimiz ilk “altılığ”a düşmək idi. Bunun öhdəsindən gəldik. İndi məqsədimiz avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdır”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun müdafiəçisi Aqil Nəbiyev deyib.

Son oyunda “Xəzər Lənkəran”a məğlub olmasına rəğmən, ilk “altılıq”dakı yerini təmin edən “təyyarəçilər” bu gün “Bakı” ilə üz-üzə gələcək. Bu oyunda hər iki komandanı heç-heçə də qane edir. Ancaq hələ də ilk “altılıq” şansını davam etdirən “Qəbələ”nin oyunçuları AZAL-ın qələbə qazanacağına ümidlidirlər. Çünki bu baş verəcəyi təqdirdə Toni Adamsın yetirmələri “Gəncə”ni yenərək güclülərin sırasına daxil olmaq imkanı qazanacaq.

Lakin AZAL-ın kapitanı hansısa komandaya kömək etmək haqda düşünmədiklərini qeyd edib: “Biz heç kimə kömək etmirik, nə də hansısa komanda üçün oynayırıq. AZAL heç vaxt danışılmış oyunlarda iştirak etməyib. Nə belə futbolçumuz, nə də rəhbərliyimiz var. Bizim xala ehtiyacımız var və “Bakı” ilə matçda qələbə üçün oynayacağıq”.

Kapitan komandasının son altı oyunda qələbəyə həsrət qalmasına da münasibət bildirib: “Hər bir komandada eniş-yoxuş olur. Mövsümə yaxşı başlamışdıq. Sonra uğursuzluq yaşandı. “Bakı”nı udub, uğursuz oyunlara son qoymaq istəyirik”.
0