Cəmşid Məhərrəmov: “Neftçi”nin bu gün lider olması, heç nəyi dəyişmir
12.03.2011 - 00:05
Cəmşid Məhərrəmov: “Neftçi”nin bu gün lider olması, heç nəyi dəyişmir
“Yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik və alınacağına inanıram. Çünki buna layiqik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın kapitanı Cəmşid Məhərrəmov deyib.

Son anda ilk “altılığ”a vəsiqə qazanan paytaxt təmsilçisi final mərhələsinə “Neftçi” ilə oyunla start verəcək. Bazar günü hər iki komanda üçün doğma hesab edilən Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək komandaların duelində “Neftçi” favorit göstərilsə də, “Bakı”nın əsas mərhələdəki qələbəsi unudula bilməz.

Rəqibin zirvədə yer almasının heç nəyi dəyişmədiyini düşünən Məhərrəmov hər şeyin meydanda həll olunacağını deyib: “Neftçi”nin bu gün lider olması heç nəyi dəyişmir. Biz qarşımıza məqsəd qoymuşuq və buna çatmaq üçün mübarizə aparacağıq”.

Əsas gücü ölkə kubokunu qazanmağa yönəldəcəklərini də istisna etməyən futbolçu çempionatda hələ heç nəyin bitmədiyini də qeyd edib: “Qəbələ” asan rəqib deyildi. Biz onları mübarizədən kənarlaşdırdıq. İndi finala çıxmaq üçün “Xəzər Lənkəran”ı məğlub etməliyik. Hər iki cəbhədə mübarizə aparacağıq. Təbii ki, əsas üstünlüyü kuboku qazanmağa yönəldəcəyik. Ancaq çempionatda da şansımız bitməyib”.