“Ən yaxın dostum “google”dir”
21.03.2011 - 00:01
“Ən yaxın dostum “google”dir”
“Qarabağ” klubunun futbolçusu Namiq Yusifovun apasport.az saytına müsahibəsi

- Hobbin nədir?
- Elə də hobbi deyiləcək bir məşğuliyyətim yoxdur. İnternetdə vaxt keçirməyi çox xoşlayıram. Boş vaxtlarımda dostlarımla görüşürəm, qeyd etdiyim kimi, internetdə vaxt keçirirəm. İnternetdən əsasən ölkə xaricində, eləcə də təlim-məşq toplanışında olan zaman istifadə edirəm.

- İnternetə bu qədər maraq göstərirsinizsə, deməli, sosial şəbəkələrdən də istifadə edirsiniz?
- Elə də çox yox. Amma ümumi götürdükdə, bu gün dünyada hamı bundan istifadə edir. Xəbər alanda deyirəm ki, ən yaxın dostum “google”dir. Nəsə lazım olanda, axtarış verib tapıram və yazıram.

- Sizi də kölgədə qalan futbolçuların siyahısına daxil etmək olar. Bundan qorxmursunuz?
- Xeyr, kölgədə qalmaqdan qorxmuram. Ancaq kölgədə qalmaq da istəmirəm.

- Ən çox nədən qorxursunuz?
- Allahdan.

- Bəs insanların hansı əməlindən çəkinirsiniz?
- İnsanlar tərəfindən gələ biləcək hansısa təhlükədən qorxmuram. Sadəcə, hər şeyə hazır olmağa çalışıram.

- Xəyanətdən, ərlənməyinizdən çəkinmirsiniz?
- Xəyanət deyəndə, bunu edəcək adam məni itirəcək. Yaxın adamlarımdan xəyanət gözləyə bilərəm. Əgər həmin insanlar da bunu etməyi özlərinə rəva bilirlərsə, heç nə qazanmayacaqlar, məni itirəcəklər. Yadlar xəyanət də edə bilər, şərləyə də. Buna həmişə hazıram.

- Nə vaxtsa belə zərbə almısınızmı?
- Güclü zərbə almamışam. Allah qoruyur. Yaradan heç vaxt qaldıra bilməyəcəyimizi yükü göndərməz.

- Özünüzü daxilən güclü, iradəli insan hesab edirsinizmi?
- Yetərincə güclüyəm, şikayətim yoxdur.

- Elə hadisə olubmu ki, indiyə qədər onun peşmançılığını çəkirsiniz?
- Cüzi şeylər ola bilər. Buna görə də peşmançılıq çəkməyə dəyməz. Ümumiyyətlə, prinsipim belədir ki, nə baş verirsə, yaxşılığa doğru olur.

- Pul sizin üçün nə deməkdir?
- Yaxşı yaşamaq üçün lazım olan vasitə.

- Amma puldan ötrü hər cür riskə gedən insanlar da var...
- Mən canımı vermərəm. Sadəcə, pulun olduqdan sonra istədiyin şeyləri əldə edə bilirsən. Olmayanda da şükür etmək lazımdır.

- Qazancınızın qədrini bilirsinizmi?
- O qədər də yox. Ancaq hər şey yaxşıdır.

- Eşitdiyimizə görə geyiminizə yaxşı pul xərcləyirsiniz...
- Bəli, yaxşı geyimlər geyməyi xoşlayıram.

- Belə bir deyim var: Geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Geyim sizin üçün bu qədərmi önəmlidir?
- Öz dəyərini, qiymətini bilən adam gərək yaxşı geyinsin. Təmizliyə fikir versin. Ancaq ifrat dərəcəyə də çatdırmasın. Ancaq zövqlə geyinmək lazımdır.

- Hansı üslubda geyinməyi xoşlayırsınız?
- Bütün üslubda.

- İndiyə qədər xüsusi olaraq qoruyub saxladığınız hədiyyə varmı?
- Xeyr, buna o qədər də diqqət yetirmirəm. Ümumiyyətlə, dünya malına lazım olan qədərdən artıq önəm vermirəm. Nəsə lazımdırsa, onu əldə etməyə çalışıram. Əldə etdikdən sonra isə, ona maraq azalır.

- Avtomobil seçərkən, hansı markaya üstünlük verirsiniz?
- Öz sürdüyüm “Porshe” xoşuma gəlir. Güclü mühərrikə malik maşınları daha çox xoşlayıram.

- Güclü mühərrik həm də yüksək sürət deməkdir. Həddən artıq sürətli sürməyi xoşlayırsınız?
- Yol boş olanda axşamlar sürməyi xoşlayıram. Ancaq qaydalara riayət edirəm. Kəməri taxıram.

- Qaydaları heç pozmursunuz?
- Çalışıram riayət edim. Məşqə tələsəndə əlbəttə, pozuram. Yol polisləri futbolçu olduğumu biləndə hörmət edirlər. Bilməyən olanda futbolçu olduğumu gizlədirəm. Çünki hamı futbolla yaxından maraqlanmır. Bir də görürsən ki, kiməsə futbolçu olduğunu deyirsən. O da bu idman növü ilə maraqlanmadığına görə, deyir, neynim?

- Özünüz futboldan başqa hansı idman növü ilə maraqlanırsınız?
- Sərbəst güləş və sambo ilə. O da ciddi şəkildə yox. Sadəcə dostların məşğul olduqlarına görə hərdən xəbər alıram.

- Zala gedib, onların döyüşlərini izləmisinizmi?
- Vaxt tapmamışam. Onların güləşdiyi vaxtla bizim oyunlar, məşq saatı əksər hallarda üst-üstə düşür.

- Güləşçi dostlarınızın nə vaxtsa sizə köməyi dəyibmi?
- Onlarla buna görə dostluq etmirəm. Lazım olsa, yanımda olacaqlarını düşünürəm.

- Rəsmi insanlarla ünsiyyət qurmağı necə, xoşlayırsınızmı?
- Kimləsə nə vəzifəsinə, nə də puluna görə münasibət qururam. Həmin insan xoşuma gəlirsə, onda müsbət emosiya görürəmsə, onunla əlaqə yaradıram.

- Siyasətlə aranız necədir?
- Yeni Azərbaycan Partiyasına üzv yazılmaq istəyirəm. Çünki bu gün iqtidarda onlardır.

- Deməli, gələcəkdə siyasətlə məşğul olmaq istəyirsiniz?
- Niyə də olmasın? Hərtərəfli insanam.

- Nəyə çox təəssüflənirsiniz?
- Naşükür insan deyiləm. Həyatımdan razıyam.

- Arzunuz nədir?
- Təki salamatçılıq olsun. Yaxınlarım əmin-amanlıqda yaşasınlar. Əlçatmaz heç nə yoxdur. Yavaş-yavaş lazım olan hər şeyi qazanarıq.

- Gələcək üçün indidən tədarük görürsünüzmü?
- Yavaş-yavaş qururam.

- Nədən başlamısınız?
- İndi həm bizneslə, həm də futbolla eyni vaxtda məşğul olmaq olmur. Bir dəfə iş qurdum, ancaq nəzarət edə bilmədiyimə görə, istədiyim kimi alınmadı. Halbuki uğur qazanacağıma əmin idim. Başım daşa dəyib.

- Hansı sahəyə vəsait qoymuşdunuz?
- Limonad sexi tikdirmişdik, yaxşı planımız vardı. Vaxt məhdudiyyəti işimizə mane oldu. Üç şərik idik. Səhlənkar yanaşdığımıza görə, istədiyimiz kimi alınmadı.

- İqtisadiyyatı yaxşı bilirsinizmi?
- Yetərincə bilirəm. Özüm iqtisadiyyatı bitirmişəm. Ancaq yaxşı oxumamışam. Azdan-çoxdan başım çıxır.
0