DAYAN!
04.04.2011 - 09:26
DAYAN!
Azərbaycan Premyer Liqasının XXV turunun “Neftçi” – “Qarabağ” görüşündə 2 seriya qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 9 oyundur qələbə qazanan Ağdam təmsilçisi liderlə qarşılaşmada “ağ bayraq” qaldırıb – 0:2.

Ötən il noyabrın 28-də öz meydanında “ağ-qaralar”a 0:1 hesabı ilə uduzan “Qarabağ”ın seriyası elə eyni rəqiblə görüşədək davam edib. 126 günlük itkisiz seriyaya malik Qurban Qurbanovun yetirmələri arasında məhsuldarlığı ilə seçilən Georgi Adamiyanın qarşısında “qırmızı işığ”ı da “Neftçi” yandırdı.

Bakılılar gürcüstanlı legionerin 5 matçlıq qol seriyasına “DAYAN” dedi. 2011-ci ildə keçirdiyi əvvəlki 5 qarşılaşmanın hamısında qol vuran Adamiya vaxtilə şərəfini qoruduğu "Neftçi"nin qapısına yol tapa bilmədi.

Bununla, 5 matç ərzində 6 qol vuran hücumçu mövsümün rekordunun 1 addımlığında dayandı. Yeri gəlmişkən, startdakı 6 oyunda 9 qol vurmaqla bu rekordun müəllifi olan Bahodir Nasimov 6 matçdır qol həsrəti yaşayır. Özbəkistanlı sonuncu dəfə XVII turun “Gəncə” ilə səfər matçında fərqlənmişdi.