“Avropada Azərbaycan yığması ilə hesablaşırlar”
04.04.2011 - 09:52
“Avropada Azərbaycan yığması ilə hesablaşırlar”
Belçikaya məğlubiyyətdən sonra Azərbaycanda olduğu kimi, Qazaxıstanda da futbol yığması yerli KİV-də geniş müzakirə olunur. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsinin A qrupunda yığmamıza rəqib olan orta asiyalılar fərqli məsələ üzərində baş sındırırlar.

Asiya zonasından çıxıb Avropaya qoşulduqdan sonra məğlubiyyətlərinin çoxalmasına üzülən qazaxıstanlılar yenidən geri dönməyi müzakirəyə çıxarıblar. Lakin fərqli mövqeni bölüşənlər də az deyil. Həmkarlarımız arasında Azərbaycan nümunəsini önə çəkənlər də var: “Yalnız milli və klub səviyyəsində Avropada oynamaqla çox dəyərli təcrübə qazana bilərik. Ancaq bu yolla qitənin bərabərhüquqlu üzvü olub, onlarla başabaş mübarizə apara bilərik. Latviya, Estoniya, Belarus, Azərbaycan, Ermənistan yığmalarına baxın da. Onlar 20 ildir Avropadadırlar və artıq bu komandalarla hesablaşırlar. Fikir verin ki, bu komandalar yalnız UEFA-da 12-14 il keçirdikdən sonra yetkinləşiblər. Biz isə hələ 8 ildir ki, oradayıq və indi-indi uyğunlaşırıq”.

Qeyd edək ki, yığmamız 3 xalla A qrupunda 5-ci, hesabında xal olmayan qazaxlar isə sonuncu pillədə qərarlaşıblar.