“Azərbaycan Premyer Liqasını Fransanın ikinci dəstəsinə bənzətmək olar” - MÜSAHİBƏ
09.04.2011 - 09:16
“Azərbaycan Premyer Liqasını Fransanın ikinci dəstəsinə bənzətmək olar” - MÜSAHİBƏ
“Bakı” komandasının fransalı futbolçusu Stefan Borbikoni klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, legioner müdafiəçi Azərbaycan futbolu, “Bakı” klubu və gündəlik qayğıları barədə fikirlərini açıqlayıb.

- Yayda müqavilənizin müddəti bitir. İcarə əsasında məxsus olduğunuz kluba qayıdırsınız, “Bakı”da qalmaq istəyirsiniz, yoxsa karyeranızı başqa ölkədə davam etdirmək fikrindəsiniz?
- Hər şeyə müqaviləmin sona çatmasından sonra aydınlıq gələcək. İlk öncə Fransaya qayıdıb, “Metz” rəhbərliyi ilə görüşəcəyəm. Düzünü desəm, burada qalmağı üstün tuturam. Çünki, “Metz” ikinci liqada sonuncu pillələrdədir. Belə davam edərsə, klub 3-cü liqaya düşəcək. Bu halda mən orada oynamaq istəməzdim.

- Azərbaycana ilk gəlişinizin üzərindən bir ilə yaxın vaxt keçib. Bu dövr ərzində geriyə baxıb, nələri xatırlayırsınız?
- “Bakı” Azərbaycanın ən iddialı klublarından biridir. Klub rəhbərliyi komandamızı həmişə mükafatçılar sırasına görmək üçün yaradıb. Təəssüf ki, bu mövsüm uğursuz çıxış edirik. Çempionluq şanslarımız sıfıra ensə də, kubok oyunlarında sona qədər vuruşacağıq. Elə-belə təslim olmayacağıq.

- Kubok yolunda növbəti rəqibiniz “Xəzər Lənkəran” asan rəqib deyil…
- Rəqibə yaxşı bələdik. Bilirəm ki, bu oyunlar həmişə maraqlı və gərgin keçir. Turnir cədvəlindən asılı olmayaraq, onları mütləq məğlub etməliyik. Avropaya çıxmaq üçün başqa şansımız yoxdur.

- Liderlə aramızda 20 xallıq fərq var. Aydın məsələdir ki, çempionluq əldən gedib. Amma o da faktdır ki, “Bakı” istənilən halda qələbəyə, yaxşı nəticəyə oynayır.
- Əlbəttə. Qarşımıza qoyulan hədəf hər oyunda meydana çıxıb, qləbə qazanmaqdır. Biz peşəkar futbolçularıq. Turnir cədvəlindən asılı olmayaraq əsas işimiz meydana çıxıb bacarığımızı nümayiş etdirməkdir. Mümkün olduğu qədər irəliləməyə çalışacağıq.

- “Bakı”nın bugünkü durumundan ən çox narahat olan azarkeşlərdir. Tərəfdarlara nə demək istərdiniz?
- Bura gəldiyim ilk gündən onlardan böyük dəstək görmüşəm. Bizim azarkeşlər sayca bəzi rəqiblərimizdən az görünsələr də, onları ən güclü hesab edirəm. Biz futbolu ilk növbədə onlar üçün oynayırıq. Əminliklə deyirəm ki, Azərbaycanın ən mehriban fanatları “Bakı” azarkeşləridir. Nə olursa olsun, onlardan həmişə dəstək görçüşük və gələcəkdə də gözləyirik.

- Fransadan başqa Türkiyə superliqasında da oynamısınız. Top qovduğunuz üç liqa arasında hansı paralellər aparmaq olar?
- Futbol bütün dünyada eyni cür oynanılır. Hər ölkənin özünəməxsus çempionatı var. Türkiyədə nizam-intizama ciddi önəm verilirdi. Gündəlik məşqlər və təlim-məşq toplanışları çox olurdu. Bizim klubun baş məşqçisi Aleksandr Starkov Latviya yığmasını çalışdırır. Onun məşqləri Fransada keçdiyimiz məşqlərdən fərqlənmir. Azərbaycan Premier Liqasını Fransa çempionatı ilə müqayisə etmək düzgün olmazdı. Azərbaycan futbolu cəmi 2 onillikdir ki, müstəqil şəraitdə yaşayır. Fransa futbolunun isə 100 ildən artıq yaşı var. Bununla belə ölkəniz və futbolunuz sürətlə inkişaf edir. Komandalar və oyunçuların səviyyəsinə görə Azərbaycan liqasını Fransanın ikinci liqasına bənzətmək olar.

- Boş vaxtlarınızda nə edirsiniz?
- Azərbaycanda hər şey ürəyimcədir. Burada özümə çoxlu dost qazanmışam. Bakını çox sevirəm. Mən “Tarqovı” (Nizami küçəsi) adlanan yerdə yaşayıram, boş vaxtlarımda da elə oralarda dincəlirəm.

- “Bakı” klubunun bazası bu yaxınlarda tam istifadəyə veriləcək. İnfrastruktur baxımından Fransa klubları ilə müqaisə aparmaq olarmı?
- Bu baza Avropa standartlarına tam uyğundur. Bəzi məqamlara görə “Bakı”nın bazası Fransa ikinci liqasında oynayan bir çox klubları üstələyir. Bununla belə burada hələ görülməli xeyli iş var. Ən əsası gələcək nəsillərin səviyyəsini düşünmək lazımdır. Uşaq futboluna xüsusi diqqət yetirmək, bunu bir sistem halına salmaq zəruridir. Biz məşqdə olarkən uşaq və yeniyetmələrin necə həvəslə məşq etdiyinin şahidi oluram. Bu onu göstərir ki, klub rəhbərləri uşaq futboluna ciddi önəm verirlər. Klubumuzun potensialı olduqca böyükdür. Bu imkanlardan səmərəli istifadə edərək əsl bir superklub yaratmaq olar. Bu sahədə aparılan işlər “Bakı”nın tezliklə yeni səviyyəyə yüksələcəyini göstərir. Görəcəksiz ki, bir neçə ildən sonra “Bakı”nın gəncləri Avropa klublarına transfer olunacaqlar.