Adamiya yatır, Flavinyo vurur
11.04.2011 - 11:46
Adamiya yatır, Flavinyo vurur
2011-ci il “Neftçi”nin futbolçusu Flavinyo üçün düşərli olub. Apasport.az saytının hesablamalarına görə, gənc yarımmüdafiəçi bu ilin bombardirinə çevrilib.

O, artıq 8 qol vurub və bunu 2 ay üçün yetərincə yüksək göstərici saymaq olar. Braziliyalı legioner həmin qollarından 5-i çempionatda, 3-nü kubokda vurub.

Flavinyo çempionatda bu il 7 oyundan 5-də fərqlənib. Yəni, yarımmüdafiəçi 9 görüşə 8 qol vuraraq, yalnız 2-də fərqlənə bilməyib. Braziliyalının kubokdakı qolları “Xəzər Lənkəran”la 1/4 final mərhələsinin oyunlarında (evdə 2, səfərdə 1) oldu. Ancaq ona çempionatda bu rəqibin qapısına yol tapmaq hələ nəsib olmayıb.

Flavinyo bu ilki qollarının sayı ilə “Qarabağ”ın gürcü hücumçusu Georgi Adamiyanı arxada qoydu. Adamiya çempionatda ardıcıl 5 oyun rəqib qapısına yol taparaq, 6 dəfə fərqləndi. Ancaq qələbə seriyası qırılan “Qarabağ” son 2 oyunda qol da vura bilməyib. Bununla Georgi qollarının sayını artırmır.

Qeyd edək ki, Flavinyo debüt mövsümünü keçirdiyi çempionatımızda 9 qol vurub. O, bu qədər fərqlənən litvalı Qvidas Yuşka (AZAL) və yamaykalı Deon Bartonla (“Qəbələ”) bombardirlər yarışında 5-7-ci pillələri bölüşdürür.